Ölkə başçısının müvafiq sərəncamına əsasən, Şuşa Dövlət Musiqili Dram Teatrı üçün ayrılan bina əsaslı şəkildə təmir olunaraq kollektivin ixtiyarına verildikdən və yeni sənət mövsümünün açılış mərasiminin məhz Şuşa teatrında keçirilməsindən sonra yaradıcı heyət daha böyük şövqlə çalışmağa başlayıb.
Qısa müddət ərzində kollektiv iki yeni səhnə əsəri ilə tamaşaçıların qarşısına çıxıb. Bunlar Abdulla Şaiqin “Danışan gəlincik”, digəri isə Cəfər Cabbarlının “Solğun çiçəklər” əsərləri əsasında hazırlanan tamaşalardır.
Oktyabrın 13-də nümayiş olunan “Danışan gəlincik” tamaşasının quruluş müəllifi teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur. Rolları Zəhra Salayeva, Nigar Məmmədova, Günel İmanova, Püstəxanım Zeynalova, Aybəniz Cahangirova, Hamlet Qənbərov, Emin Sevdiməliyev, Mətanət Eres, Sevinc Ağayeva, Mobil Qurbanov və Mir Qabil Əkbərov ifa edirlər.
Cəfər Cabbarlının 120 illiyi münasibətilə dramaturqun “Solğun çiçəklər” pyesi də bərpa edilərək teatrın səhnəsində ilk dəfə oktyabrın 15-də təqdim olunub.
Tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Azad Məmmədovdur. Rolları Rasəf Mehdiyev, Dürdanə Dünyamalıyeva, Xanirə İsgəndərova, Təranə Əliyeva və Zahid Mehdiyev ifa edirlər.