İlham Rəhimlinin 70 illiyi qeyd olunub
Görkəmli teatrşünas-tənqidçi, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimlinin 70 illik yubileyi münasibətilə oktyabrın 15-də Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirilib.
Tədbirdə İlham Rəhimli Azərbaycan mətbuatındakı xidmətlərinə görə Azərbaycan Mətbuat Şurasının fəxri diplomu ilə təltif olunub.
Şuranın Ahıl Jurnalistlər Birliyinin sədri Məzahir Süleymanzadə çıxışında İlham Rəhimlinin ömür yolundan və Azərbaycan teatrının tədqiqi sahəsində gördüyü işlərdən söz açıb.
Bildirilib ki, İlham Rəhimli 1967-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Teatrşünaslıq fakültəsinə daxil olub. Bu ali məktəbi fərqlənmə diplomu ilə bitirib. Uzun illər “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetində dərc olunan yazıları ilə geniş oxucu auditoriyasının rəğbətini qazanıb. Dövri mətbuatda teatra aid ilk yazısı 1969-cu ildə “Azərbaycan gəncləri” qəzetində çap olunan İlham Rəhimli səhnə sənətinə, kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor və rejissor peşəsinə, mədəniyyətin müxtəlif problemlərinə aid minə yaxın məqalənin müəllifidir.
Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov bildirib ki, İlham Rəhimli hər zaman azad düşünüb və düşündüyünü də qələmə alıb. “İlham Rəhimlinin Azərbaycan teatrı haqqında yazdıqları bir ensiklopediyadır. Onun “Kəsişən paralellər” kitabı isə təklikdə bir elmi işdir”, - deyə Xalq artisti vurğulayıb.
Əməkdar jurnalist Əhməd İsayev yubilyarın Azərbaycan teatrına verdiyi töhfələrdən söhbət açıb. Bildirib ki, İlham Rəhimli bütün qoyulan tamaşaları izləyib. Məhz onun verdiyi məsləhətlər sayəsində bəzi bayağı tamaşalar səhnəmizdən çıxarılıb. İlham Rəhimli bu nöqsanları görüb vaxtında aradan qaldıra bilib.
Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli deyib: “İlham Rəhimli 100-ə yaxın kitabın müəllifidir. O, teatr aləmində böyük bir baza yaradıb. Onun əsərlərində hər bir truppanın üzvləri haqqında məlumat tapmaq mümkündür. Hətta məşhur olmayan, unudulub gedən aktyorlar da bu kitablarda yer alıb. O, bütün pyeslər, tamaşalar haqqında öz fikrini deyən bir teatrşünasdır”.
Sonda bütün iştirakçılara minnətdarlığını bildirən İlham Rəhimli bundan sonra da Azərbaycan teatrının tədqiqi istiqamətində işlərini davam etdirəcəyini söyləyib.