18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günüdür. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə Azərbaycan müstəqilliyini bərpa etdi.
1991-ci il avqustun 30-da respublika parlamentinin – Ali Sovetin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Bəyannamə” qəbul olundu. Bəyannamədə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Eyni zamanda, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsasları haqqında xüsusi qanun – Konstitusiya Aktı layihəsinin hazırlanması barədə qərar qəbul etdi.
1991-ci il oktyabrın 18-də parlamentdə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. 6 fəsil və 32 maddədən ibarət bu sənədin qəbulu ilə Azərbaycanın tarixində yeni mərhələ – Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) və Azərbaycan SSR (1920-1991) mərhələlərindən sonra üçüncü Respublika (Azərbaycan Respublikası) dövrü başlandı.