Azərbaycan ABŞ-ın paytaxtında “Culturfied” Fondunun təşkilatçılığı ilə keçirilən ənənəvi uşaq festivalında təmsil olunub. Ronald Reyqan Beynəlxalq Ticarət Mərkəzində keçirilən festivalda Vaşinqtondakı Azərbaycan məktəbinin şagirdləri iştirak ediblər. Tədbirdə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, incəsənəti və milli mətbəx nümunələrini əks etdirən guşə yaradılıb.

“Culturfied” Fondunun prezidenti Mele Melton tədbirin əsas məqsədinin müxtəlif ölkələrin coğrafiyası, zəngin mədəni irsi və adət-ənənələrinin öyrənilməsindən ibarət olduğunu deyib.

Festivalda 30-dan çox ölkənin milli musiqisi, rəqsləri ifa olunub, iştirakçı ölkələrin incəsənət nümunələri, milli mətbəxi təqdim edilib.

Azərbaycan məktəbinin şagirdləri “Cücələrim”, “Eynur” və “Popurri” rəqslərini, həmçinin festival çərçivəsində təşkil edilən “Fashion Show”da ölkəmizin milli geyimlərini nümayiş etdiriblər. Milli rəqslərimiz və geyimlərimiz maraqla qarşılanıb.

Qeyd edək ki, Vaşinqtondakı Azərbaycan məktəbi 2017-ci ildən ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası nəzdindəki Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində fəaliyyət göstərir. Əsasən Vaşinqton və ətraf şəhərlərdə yaşayan azərbaycanlı uşaqların cəlb olunduğu məktəbdə milli dəyərlərimiz aşılanır, Azərbaycan dili dərsləri keçirir.

***

ABŞ-ın Kaliforniya ştatının Örvayn şəhərində oktyabrın 12-13-də keçirilən “İrvine Global Village Festival” adlı beynəlxalq mədəniyyət festivalında da Azərbaycan təmsil olunub.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan verilən xəbərə görə, festivalda 50-dən çox ölkə iştirak edib.

Kaliforniya-Azərbaycan Dostluq Assosiasiyası və baş konsulluq tərəfindən qurulmuş stenddə müxtəlif bannerlər, broşürlər, kitab və jurnallar vasitəsilə sərgi iştirakçılarına ölkəmiz haqqında məlumat verilib. Bundan başqa, milli geyimlərimiz, rəqslərimiz və mətbəximizdən nümunələr festival ziyarətçilərində xüsusi maraq oyadıb.