Almaniyanın “Eberhadt reisen” turizm şirkətinin aylıq bülletenində dərc edilən “Səyahət məlumatı: Azərbaycana səfər” sərlövhəli məqalədə ölkəmizə səfər etmiş alman turistlərin təəssüratları əks olunub.
Səfərin paytaxt Bakıdan başladığı, şəhərin son illərdə sürətlə inkişaf etdiyi diqqətə çatdırılan yazıda filarmoniyadan, Opera və Balet, Kukla teatrlarından, Milli Xalça Muzeyindən söz açılır. 2000-ci ildən UNESCO-nun Dünya irs siyahısına daxil edilən İçərişəhər haqqında məlumat verilir. Qız qalasının üzərindən şəhəri seyr edən turistləri paytaxtdakı müasir tikililərlə şəhərin qədim hissəsi arasındakı kontrastın heyran etdiyi vurğulanır.
Turistlərin 2007-ci ildə Dünya irs siyahısına daxil edilən Qobustan Milli Tarix-Bədii Qoruğunu da ziyarət etdikləri, buradakı qayaüstü rəsmlərlə tanış olduqları bildirilir.
Səyahətlərinin növbəti günü turistlərin Abşerondakı “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, eləcə də, açıq səma altında yerləşən Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksini ziyarət etdikləri qeyd olunur. Eyni zamanda onların Heydər Əliyev Mərkəzinə, Nobel qardaşlarının ev-muzeyinə baş çəkdikləri bildirilir.
Qrupun Şamaxı, Qəbələ, Şəki, İsmayıllı, Göygöl, Gəncə və Göyçaya səfər etdiyi və səfər çərçivəsində bu şəhər və rayonlardakı tarixi abidələrlə, milli mətbəximizin nümunələri ilə, muzeylərlə və digər görməli yerlərlə tanış olduqları diqqətə çatdırılır. Məlumatın sonunda turistlərin səyahət zamanı çəkdikləri, Azərbaycanın gözəl guşələrini əks etdirən çoxsaylı fotoşəkillər verilib.