Xəbər verdiyimiz kimi, Avstraliyanın fotoqraf-bloqqer və jurnalistlərindən ibarət qrup sentyabr ayında Azərbaycana səfər edib. Onların arasında səyahət və kulinariya üzrə jurnalist Sofia Levin də olub.
O, Melburnun “3AW” radiosunda yayımlanan “A Moveable Feast” adlı səyahət və kulinariya şousunun qonağı olarkən səfər təəssüratından söz açaraq həmvətənlərini Azərbaycana səyahətə dəvət edib.
Avstraliyalı jurnalist Azərbaycanın zəngin və qədim tarixə malik olduğunu qeyd edərək, buranın müxtəlif mədəniyyətlərin kəsişdiyi bir məkan kimi xüsusi vurğulayıb. Bildirib ki, Formula 1 və “Eurovision” mahnı müsabiqəsi kimi mötəbər tədbirlərə etdiyi ev sahibliyi sayəsində ölkəmiz xarici turistlər üçün cəlbedici məkana çevrilib. Azərbaycanın müasir turizm infrastrukturu ilə seçildiyini qeyd edən S.Levin burada mehmanxanaların, yemək və digər xidmətlərin qiymətlərinin də münasib olduğunu deyib.
Müsahibə zamanı S.Levin Bakı ilə yanaşı, ölkəmizin digər bölgələrinə, o cümlədən Şəkiyə səfəri barədə də təəssüratlarını bölüşüb. Qədim yaşayış məskənlərindən biri olan Şəkinin hər guşəsinin tarixi əhəmiyyət daşıdığını bildirib. Şəki Xan sarayının müxtəlif rəngli şüşələrdən yığılmış şəbəkə-pəncərələri haqqında məlumat verərək, bu memarlıq abidəsinin məxsusi gözəlliyi ilə seçildiyini deyib.
Jurnalist, həmçinin Azərbaycanda dağ və qış turizminin də çox populyar olduğunu, hər il çoxlu sayda xarici turistin xizək sürmək üçün ölkəmizə səfər etdiyini diqqətə çatdırıb. S.Levin Azərbaycan milli mətbəxinə heyran qaldığını vurğulayıb, dolma, düşbərə, “Şah plov” və “cız-bız” kimi xörəklərimizi xüsusi qeyd edib.
Söhbət zamanı S.Levin Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yaşadığını qeyd edərək, ölkədə məscidlərlə yanaşı, kilsə və sinaqoqların fəaliyyət göstərdiyini də bildirib.
Azərbaycanın avstraliyalı turistlər arasında çox da populyar olmadığını təəssüflə qeyd edən S.Levin onları bu gözəl ölkəyə səyahətə çağırıb.