Oktyabrın 24-25-də Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəni sərvətlərin silahlı münaqişələrin və digər fövqəladə halların mümkün təsirlərindən qorunması” adlı layihənin təqdimatı və mövzu üzrə seminar keçiriləcək.
Muzeydən bildirilib ki, layihənin əsas məqsədi fövqəladə hallarda mədəni sərvətlərin qorunması üçün strateji planlaşdırma, preventiv kompleks tədbirlərin keçirilməsi, təhlükəsiz evakuasiyasını təmin etmək üçün müvafiq hədəf auditoriyasını hərtərəfli təlimatlandırmaq və bu sahədə mövcud beynəlxalq təcrübəni tətbiq etməkdir.
Seminarda həmçinin layihə çərçivəsində yaradılmış sayt və İCCROM (Mədəni Sərvətlərin Qorunması və Bərpası üzrə Beynəlxalq Tədqiqatlar Mərkəzi) və UNESCO-nun Misir Mədəni İrsinin Qorunması Fondu ilə əməkdaşlığı çərçivəsində nəşr olunmuş “Təhlükədə olan irs və muzey sərvətlərinin təxliyə qaydaları” adlı məlumat kitabı təqdim ediləcək. Layihə UNESCO-nun 2018-2019-cu illər üçün İştirak Proqramı çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyinə ayrılmış qrant hesabına həyata keçirilib.