Gəncə Regional Mədəniyyət İdarəsi tabeliyindəki Goranboy şəhər Mədəniyyət evində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdə Mədəniyyət evinin və uşaq incəsənət məktəbinin bədii kollektivlərinin və incəsənət ustalarının Nəsimi yaradıcılığına həsr edilmiş konsert proqramı təqdim edilib.

***

İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdən biri Astara şəhərindəki park-bulvar kompleksində təqdim edilən “Məndə sığar iki cahan” adlı musiqili ədəbi-bədii kompozisiya olub. Astara Pedaqoji Kollecinin tələbələri, rayonun ümumtəhsil məktəblərinin şagirdləri və Lənkəran Dövlət Dram Teatrının aktyorları böyük şairin qəzəllərini, Astara rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin üzvləri Nəsiminin qəzəlləri üstə muğam parçaları ifa ediblər. Tədbir iştirakçıları Nəsiminin yubileyinə həsr olunmuş kitab və rəsm sərgisi ilə də tanış olublar.

***

Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Sabirabad rayon Mədəniyyət Mərkəzində isə Dövlət  Müstəqilliyi Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Tədbirdə “Müstəqilliyimiz əbədidir” adlı kompozisiya nümayiş olunub. “Kür-Araz” instrumental ansamblının müşayiəti ilə müğənnilərin, Üzeyir Hacıbəyli adına Uşaq musiqi məktəbi müəllimlərinin, Qalaqayın və Cəngən kənd Mədəniyyət evinin əməkdaşları ifasında xalq və bəstəkar mahnıları, Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən “Kristal” rəqs qrupunun çıxışı alqışlarla qarşılanıb.