Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin fortepiano müəllimlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılması məqsədilə təşkil etdiyi ustad dərsləri oktyabrın 18-də başa çatıb.
Beş gün davam edən dərslərdə uşaq musiqi və incəsənət məktəblərinin 300-ə yaxın fortepiano müəllimi və onların istedadlı şagirdləri iştirak ediblər.
MEMİM-in Bədii təhsil şöbəsinin müdiri Sevil Ələkbərova ustad dərslərinin məqsədi və əhəmiyyətini diqqətə çatdırıb.
Dərslər Azərbaycan Milli Konservatoriyasında, T.Quliyev adına 12 nömrəli, G.Şaroyev adına 35 nömrəli musiqi məktəblərində, Bakı Musiqi Kollecində və əsaslı təmirdən çıxan 33 nömrəli Uşaq musiqi məktəbində aparılıb. Ustad dərsləri çərçivəsində ilk dəfə olaraq uşaq psixologiyası və pedaqogika üzrə tanınmış alimlər, həmçinin pedaqoji elmləri doktoru, professor Fərrux Rüstəmov və psixologiya elmlər doktoru, professor Ramiz Əliyev tərəfindən mühazirə oxunub. Gənc pedaqoq və bəstəkar Ülviyyə Kazımova öz bəstəsini dinləyicilərə təqdim edib.
Sonda təlimləri bitirən dinləyicilərə sertifikatlar, müəllimlərə diplomlar təqdim edilib.