AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı, Kürdəmir Regional Mədəniyyət İdarəsi ilə birlikdə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı bir sıra tədbirlər keçirib. Nəsimi qəzəllərinin qiraəti müsabiqəsi, “Nəsimi sözünün qüdrəti” adlı elmi-praktik konfrans bu silsilədəndir. Yekun tədbir – ədəbi-bədii məclis oktyabrın 25-də İmişli rayon Mədəniyyət Mərkəzində gerçəkləşib.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı tədbiri açaraq İmadəddin Nəsiminin sənətkarlığından danışıb.

AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva “Nəsiminin həyatı öz qələmi ilə” mövzusunda çıxış edib. N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin şöbə müdiri, filologiya elmləri doktoru, professor Şəfəq Əlibəyli Nəsiminin farsca “Divan”ının özəlliklərindən bəhs edib.

Tədbirin bədii hissəsində əməkdar mədəniyyət işçiləri – aşıq Ağamurad Şirvanlı, balaban ifaçısı Rasim Ələsgərov, V Televiziya Muğam Müsabiqəsinin qalibi Nisbət Sədrayeva, xanəndə Elbrus Niftəliyev və başqalarının çıxışları alqışlarla qarşılanıb. Beyləqan rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Gənclik xalq teatrının aktyorları “Mən bu cahana sığmazam”, İmişli rayon Mədəniyyət Mərkəzinin əməkdaşları “Nəsimi” adlı kompozisiyalarını nümayiş etdiriblər.

S.QALİBOĞLU