YARAT Müasir İncəsənət Məkanı oktyabrın 31-də Mingəçevir Şəhər Dövlət Rəsm Qalereyasında incəsənət həvəskarlarına “Yenə o bağ olaydı” adlı səyyar sərgisini təqdim edib.
Açılış mərasimində çıxış edən YARAT Müasir İncəsənət Məkanının ictimaiyyətlə əlaqələr departamentinin direktoru Hökümə Kərimova sərginin qurum tərəfindən təşkil edilən sayca dördüncü belə tədbir olduğunu deyib. Bildirib ki, YARAT Müasir İncəsənət Məkanının 2016-cı ildə Qax Dövlət Rəsm Qalereyasında təşkil etdiyi “Zamanın izləri” və 2018-ci ildə Qazax Dövlət Rəsm Qalereyasında, 2019-cu ildə isə Gəncədəki Məhsəti Gəncəvi Mərkəzində təşkil etdiyi “Yenə o bağ olaydı” adlı səyyar sərgilər incəsənət həvəskarlarının marağına səbəb olub. Budəfəki sərginin proqramına YARAT-ın daimi kolleksiyasında olan əsərlərin nümayişi ilə yanaşı, müasir incəsənətin təbliği ilə bağlı seminar və ustad dərslərinin keçirilməsi də daxildir.
Şəhər İcra Hakimiyyətinin rəsmisi Tofiq Əsgərov respublikamızın böyük elm və mədəniyyət mərkəzlərindən olan Mingəçevirdə belə sərgilərin təşkilinin əhəmiyyətini vurğulayıb.
Layihənin kuratoru Anna Fech sərgi haqqında məlumat verib. Bildirib ki, ekspozisiyada italyan rəssam Mikelancelo Pistoletto və yerli rəssamların əsərləri yer alıb. Sərgi italyan rəssam tərəfindən ərsəyə gətirilmiş “Üçüncü cənnət” nəzəriyyəsi ilə bağlı “Cittadellarte Fondazione Pistoletto” Fondunun (Biella, İtaliya) bədii rəhbəri Paolo Naldini tərəfindən keçirilmiş ustad dərsinin nəticəsidir. “Üçüncü cənnət” nəzəriyyəsi müasir dünyanın hər bir yerində mövcud olan təbiilik və sünilik kimi iki qütb arasındakı ziddiyyəti aradan götürməyə, texnologiyalar və təbiət arasında özəl mühitə görə məsuliyyət daşıyan yeni insanlığın yaradılmasına çalışır.
Sərginin adı Mikayıl Müşfiqin məşhur şeirindən götürülüb. Bağ ot-alaqdan təmizlənən, əkilib-becərilən, insana tənhalıq və təhlükəsizlik duyğuları bəxş edən bir guşədir. Şair bu şeirində bağı arzuolunan sevgi, sülh, azadlıq və xoşbəxtliyin vəhdət təşkil etdiyi nostalji məkan kimi təsvir edir.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Ekspozisiyada Mikelancelo Pistolettonun büzməli kartondan hazırlanmış labirint instalyasiyası ziyarətçiləri öz daxili kimliyini axtarmağa sövq edir. Rəssam Etibar İsmayılov əsərində “arzular quyusu” yaradıb və onun istifadəsinə dair şifrələnmiş dildə təlimat təqdim edib. Mousa Bəyzadənin əsərində XVIII əsrdə öz gizli dövrünü yaşamış, bahalı fotoşəkil və portret rəsmləri ilə müqayisədə alternativ olan kağız kəsimi sənətindən istifadə edilir. Nəzrin Məmmədova “Dağlarla söhbət” video və səs instalyasiyasında Altıağac-Xızı bölgəsi boyunca təbiət mənzərələrinin araşdırılması, təbiət səslərinin dinlənilməsi və yazılmasını əhatə edən eksperiment aparıb. Vüsalə Ağarazıyeva “Tərəzi” əsərində tərəzinin bir gözünə kiçik elektron cihazlar, digər gözünə isə qum tökməklə öz “balansı”nı və konsepsiyanı vizuallaşdırır. Günay Əliyevanın “Həyat market”i İosif Brodskinin məşhur “bizim yaratdıqlarımız etiraflarımızdan daha çox özümüzdən danışır” kəlamından ilhamlanan qəbz formasında rəssamın həyatına nəzər salır. Leyli Qafarovanın “Qılman” adlı multimedia layihəsi hollandiyalı filosof Mixael Lizinberqin İslam dünyasının “sakit qüvvəsi” ilə bağlı nəzəriyyəsinə istinad edir.