Noyabrın 14-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Dünya dini liderlərinin II Sammitində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan Əbülfəs Qarayev Azərbaycan ilə İran arasında münasibətlərin yüksək səviyyədə olduğunu və bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini bildirib: “Bizim mehriban dostluğumuz, qonşuluğumuz və tarixi əlaqələrimiz bu prosesə böyük təkan verir. Azərbaycan və İranı ortaq tarixi-mədəni keçmiş və din bir-birinə sıx bağlayır”.
Nazir qeyd edib ki, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial var. Qonşu ölkənin kino mütəxəssisləri ilə birgə layihələrdən söz açan Əbülfəs Qarayev Azərbaycanda İran kinosunun uğurlarının diqqətlə izlənildiyini deyib, bu sahədə İranın təcrübəsindən istifadə edilməsində maraqlı olduğumuzu diqqətə çatdırıb.
Nazir onu da vurğulayıb ki, qarşılıqlı mədəniyyət və kino günlərinin keçirilməsi istiqamətində işlər davam etdirilməlidir. Gələn il üçün bu sahədə reallaşdırılacaq layihələr nəzərdən keçirilməlidir.
İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkman noyabrın 13-də Prezident İlham Əliyevlə görüşünü diqqətə çatdırıb. Qeyd edib ki, son illərdə Azərbaycanla münasibətlərdə böyük irəliləyiş müşahidə olunur. İran dövləti Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyə böyük maraq göstərir: “İldən-ilə ölkələrimiz arasında mədəniyyət əlaqələri genişlənir. Məqsədimiz bu istiqamətdə müştərək əməkdaşlığı davam etdirməkdir. Ölkələrimiz arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrin inkişafından məmnunam”.
Görüşdə iki ölkədə mədəniyyət sahəsi üzə fəaliyyət göstərən televiziya kanalları arasında əməkdaşlığın qurulması və birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
Abuzər İbrahimi İranda Azərbaycan mədəniyyəti və kino günlərinin ən yüksək səviyyədə keçirilməsinə hazır olduqlarını vurğulayıb. O, Xəzəryanı ölkələr arasında müştərək mədəni layihələrin həyata keçirilməsinin zəruriliyini də qeyd edib.