UNESCO Baş Konfransının 40-cı sessiyası çərçivəsində təşkilatın 2020-2021-ci illər üzrə Yubileylər siyahısı təsdiq edilib.
Təşkilatın dəyərlərini, mədəni müxtəlifliyini və universallığını əks etdirməsi, ölkəsinin hüdudlarından kənarda tanınması və regional əhəmiyyət kəsb etməsi kimi meyarlarına cavab verdiyi üçün Azərbaycanın görkəmli yazıçı-dramaturqu və ictimai xadimi Əbdürrəhim bəy Haqverdiyevin (1870-1933) anadan olmasının 150 illiyi UNESCO-nun Yubileylər siyahısına daxil edilib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, UNESCO üzrə Azərbaycan Milli Komissiyası və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin birgə hazırladığı sənəd təşkilatın katibliyi tərəfindən müsbət qiymətləndirilərək təsdiq olunub.
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi ilə bağlı tədbirlər UNESCO səviyyəsində 2020-ci ildə keçiriləcək.
Həmçinin, Azərbaycan, Türkiyə və İranın birgə təqdimatı ilə “Filosof və yazıçı Ahi Evranın 850 illik yubileyi” də Yubileylər siyahısına salınıb.