Mədəniyyət naziri Əbülfəs Qarayev Dünya dini liderlərinin II Bakı Sammitində iştirak etmək üçün ölkəmizdə səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anhel Moratinos ilə görüşüb.
Görüşdə BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib, dünyada sülh və mədəniyyətlərarası dialoqun rolu barədə fikir mübadiləsi aparılıb.
Əbülfəs Qarayev Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsü və bu platforma çərçivəsində ənənəvi olaraq keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna göstərilən dəstəyə görə Sivilizasiyalar Alyansının rəhbərinə təşəkkürünü bildirib. Nazir BMT-nin Sivilizasiyalar Alyansının 2016-cı ilin aprelində Bakıda keçirilmiş 7-ci Qlobal Forumunun iştirakçıların yaddaşında unudulmaz hadisə kimi qaldığını deyib.
Migel Anhel Moratinos öz növbəsində bu ilin may ayında Bakıda keçirilən V Dünya Mədəniyyətlərarası Dialoq Forumu zamanı Prezident İlham Əliyevlə görüşünü yada salıb.
Nazir Əbülfəs Qarayev 2020-2025-ci illər üçün Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında birgə əməkdaşlıq proqramının hazırlandığını və bunun əsasında bir sıra tədbir və layihələrin həyata keçiriləcəyini bildirib.
Migel Anhel Moratinos bu təşəbbüsü dəstəklədiklərini və bununla bağlı konkret sənədlərin hazırlanmalı olduğunu qeyd edib. Ali nümayəndə BMT-nin Baş katibi tərəfindən dünyada dini məkanların qorunması ilə bağlı Sivilizasiyalar Alyansına xüsusi səlahiyyət verildiyini deyib. O, Azərbaycanın UNESCO-nun Dünya İrs Komitəsinin üzvü olduğunu və bu il komitəyə sədrlik etməsini, ölkəmizin bu sahədə təcrübəsini nəzərə alaraq Azərbaycan, Sivilizasiyalar Alyansı və UNESCO-nun birgə əməkdaşlıq edə biləcəyini diqqətə çatdırıb.
Sonda Əbülfəs Qarayev 2020-ci ildə keçiriləcək VII Bakı Beynəlxalq Humanitar Forumu və 2021-ci ildə gerçəkləşəcək VI Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində də BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.