Quba rayon Bəşir Səfəroğlu adına Mədəniyyət Mərkəzində rayon İcra Hakimiyyəti və Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin 65 illik yubileyinə və ədəbi fəaliyyətinin 40 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Xudaverdiyev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, millət vəkili Vahid Əhmədov, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərkəzin foyesində alimin yaradıcılığını əhatə edən nəşrlərdən ibarət sərgi açılıb.
Çıxışlarda bildirilib ki, Nizaməddin Şəmsizadə Azərbaycan ədəbiyyatşünaslığı tarixində öz fərdi elmi-nəzəri təfəkkürü ilə seçilən, araşdırmalarında zəngin fəlsəfi mühakimələri ilə diqqət çəkən görkəmli alimdir. Onun 40 illik ədəbi, bədii, elmi, ictimai və pedaqoji fəaliyyəti müasiri olan Azərbaycan ədəbiyyatşünasları tərəfindən yüksək qiymətləndirilir.
Gecədə N.Şəmsizadə haqqında vaxtilə dəyərli söz adamlarının dediyi fikirlər də səsləndirilib, şeirlərindən nümunələr oxunub.