Noyabrın 14-dən 16-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində VIII Beynəlxalq Mədəniyyət Forumu keçirilib. Forumda ölkəmizi Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Forumun Dövlət Ermitaj Muzeyində keçirilən açılış mərasimində çıxış edən Rusiya Federasiyası Hökuməti sədrinin müavini Olqa Qolodets bildirib ki, builki tədbir bir sıra göstəricilərinə görə əvvəlkilərdən fərqlənir. Forum iştirakçılarının sayının 35 min nəfəri ötdüyünü deyən O.Qolodets qeyd edib ki, müxtəlif məkanlarda 100-dən artıq ölkədən mütəxəssislərin iştirakı ilə 350-dən çox tədbir nəzərdə tutulub.

Rusiyanın Mədəniyyət naziri Vladimir Medinski və Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov çıxış edərək forumun əhəmiyyətindən söz açıblar. Vurğulanıb ki, beynəlxalq tədbir Sankt-Peterburqun mədəni zənginliyinə investisiya cəlb etməyə kömək edəcək.

Daha sonra VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda “xüsusi qonaq ölkə” qismində təmsil olunan Çin Xalq Respublikasının, eləcə də foruma “xüsusi proqram” statusu çərçivəsində qatılan Türkiyənin nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti həmin gün forumun “Qloballaşma şəraitində mədəni kodlar” adlı plenar iclasında iştirak edib.

Forum çərçivəsində Sevda Məmmədəliyeva Rusiyanın və digər ölkələrin nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə mədəni əlaqələrin inkişafından, habelə 2020-ci ildə keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın “fəxri qonaq ölkə” statusunda maraqlı proqram təqdim edəcəyi barədə söhbət açılıb. Xatırladaq ki, ölkəmizin 2020-ci il forumuna bu statusla qatılacağına dair qərar ötən il qəbul olunub, Azərbaycanın və Rusiyanın mədəniyyət nazirləri tərəfindən bununla bağlı birgə bəyanat imzalanıb.

Forumun ilk gününün sonunda Sevda Məmmədəliyeva Sankt-Peterburq Etnoqrafiya Muzeyində RF Mədəniyyət naziri Vladimir Medinskinin xarici nümayəndə heyətləri ilə görüşündə iştirak edib.

 

Azərbaycan-Rusiya mədəni əlaqələri müzakirə olunub

 

Noyabrın  15-də “Lendok” Film Studiyasında Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilə Rusiya Federasiyası Mədəniyyət nazirinin müavini Pavel Stepanov arasında görüş keçirilib.

Nazir müavini  Pavel Stepanov ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf səviyyəsindən söz açıb. O, Azərbaycan nümayəndə heyətinin səfəri münasibətilə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilmiş və Rusiya Dövlət Film Fondunun arxivində saxlanılan “Arşın mal alan” filminin müasir kino texnologiyaları vasitəsilə təmizlənmiş, rus dilində olan versiyasını diqqətə çatdırmaqdan şərəf duyduğunu deyib.

Nazir müavini Sevda Məmmədəliyeva rusiyalı həmkarına minnətdarlığını bildirərək, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında çoxşaxəli mədəni əlaqələrin tarixi, bugünkü inkişafı və gələcək əməkdaşlıq perspektivlərindən bəhs edib. Vurğulanıb ki, “Arşın mal alan” operettası əsasında çəkilmiş film dünya kino sənətinə böyük töhfə olub.

Görüşdə teatr sahəsində gələcək əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Mədəniyyət Nazirliyinə Rusiya teatr tamaşalarının videoyazılarının hədiyyə edilməsi haqqında protokol imzalanıb.

Pavel Stepanov Rusiya teatr tamaşalarının yazıları ilə yanaşı “Arşın mal alan” filminin ilk afişasının surətini Azərbaycan nümayəndə heyətinə təqdim edib.

Daha sonra tədbir iştirakçıları “Lendok” studiyasında yenilənmiş “Arşın mal alan” filminə (1945) baxıblar.

Tədbirlərdə Azərbaycan nümayəndə heyətini ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov müşayiət edib.