Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə mədəniyyət müəssisələrində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş tədbirlər keçirilib.

Sumqayıtın Tarixi Muzeyində keçirilən tədbirdə dahi şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Mövzu ilə əlaqədar məruzələr dinlənilib.

Nizami Gəncəvi adına kitabxana-klubda “Dünyanı sözlə bəzəyən həqiqət aşiqi” adlı ədəbi-bədii gecə “Cığır” mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin üzvləri ilə birlikdə hazırlanıb. Kitabxananın oxucuları Nəsimin qəzəllərindən nümunələr söyləyib, “Nəsimi” filmindən fraqmenti canlandırıblar.

***

Biləsuvar rayon Heydər Əliyev Mərkəzində görkəmli kinorejissor, Xalq artisti Tofiq Tağızadənin 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

Mərkəzin direktoru Səyalə Şahbazova milli kino sənətimizə dəyərli töhfələr vermiş rejissorun ömür yolu və zəngin yaradıcılığından bəhs edib. Vurğulanıb ki, Tofiq Tağızadənin quruluş verdiyi “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud” və s. filmlər Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş parlaq sənət nümunələridir. Sonda sənətkarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.