Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev ölkəmizdə səfərdə olan “Özbəkkino” Milli Agentliyinin baş direktorunun müavini Şuxratullo Rizayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

Vaqif Əliyev qonaqları salamlayaraq onlara respublikamızda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasəti haqqında məlumat verdi. Bildirdi ki, Azərbaycanda mədəniyyət və incəsənətin müxtəlif sahələrinin, o cümlədən kinematoqrafiyanın inkişafına dövlət tərəfindən xüsusi diqqət göstərilir. Mədəniyyətimizin xaricdə təbliği məqsədilə davamlı olaraq tədbirlər, layihələr reallaşdırılır.

Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdıran nazirin birinci müavini bu münasibətləri daha da inkişaf etdirmək üçün böyük perspektivlərin olduğunu dedi. Bu baxımdan qarşılıqlı mədəni tədbirlərin, kino günlərinin, mədəniyyət kollektivlərinin səfərlərinin təşkili xüsusi əhəmiyyətə malikdir.

Şuxratullo Rizayev səmimi qəbula görə minnətdarlığını bildirərək Özbəkistanda kinonun inkişafı və bu sahədə görülən işlərdən söz açdı. Ölkəmizə ilk dəfə gəldiyini deyən qonaq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Özbəkkino” Milli Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda “Özbək kinosu həftəsi”nin keçirilməsindən məmnunluğunu vurğuladı.

Bildirdi ki, noyabrın 24-dək davam edəcək “kino həftəsi” çərçivəsində nümayəndə heyəti Azərbaycan Dövlət Film Fondunun fəaliyyəti ilə tanış olacaq, ölkəmizin kino xadimləri ilə görüşlər keçirəcək. Özbəkistan nümayəndə heyətinin həmçinin Şəki Regional Mədəniyyət İdarəsi və İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Şəki, İsmayıllı və Qəbələ rayonlarına səfərləri nəzərdə tutulub. Həmin rayonlarda da özbək filmlərinin nümayişləri təşkil olunacaq.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam etdi.

FARİZ