Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində “Şərqi Tirol Azərbaycanla görüşür” adlı tədbir keçirilib. Tədbirdə bu ölkənin Nəqliyyat, İnnovasiya və Texnologiyalar üzrə Federal naziri Andreas Rayxerdt, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirak ediblər.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxışında birgə mədəni layihələrin iki ölkə və onların regionları, eləcə də xalqlar arasında bir körpü olduğunu qeyd edərək, tədbirin ideya müəllifi – Avstriya Parlamentinin üzvü Gerald Hauzerə minnətdarlığını bildirib.

G.Hauzer çıxışında Azərbaycan-Avstriya parlamentlərarası işçi qrupunda fəaliyyət göstərdiyi müddət ərzində ölkəmizə səfərlər etdiyini yada salıb.

Tədbirin bədii hissəsində Avstriyanın Şərqi Tirol regionunun “Guggenberger bacıları“ musiqi qrupu çıxış edib. Sonra Avstriyada yaşayan musiqiçilər Jalə Rəsulova (fortepiano) və Fərid Feyzullayev (skripka) Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndiriblər.

Tədbirdə iki ölkənin milli mətbəxi də təqdim olunub.

***

Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) ofisinin rəsmi açılış mərasimi də keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov mərasimdə çıxış edərək xaricdəki soydaşlarımızın təşkilatlanmasında mədəniyyət mərkəzləri və Azərbaycan evlərinin böyük əhəmiyyət daşıdığını söyləyib. Bildirib ki, bu ilin sonuna qədər Azərbaycan evləri 11 ölkədə fəaliyyətə başlayacaq, gələn il isə daha 8 ölkədə açılacaq.