indilər işğal altında olan kəndlərimizin birində 85 il öncə doğulmuş bütöv Azərbaycan SƏSi

O kəndin dərə-təpələrində zəngulə-“külünglər” çala-çala Azərbaycanın sənət zirvələrinə ucalan, milli-mədəni zövqlülərin qəlbini fəth edən İslam Rzayev. 

 

Mahnılarından:

 

“Bir bulağın iki gözü – biri sənsən, biri mən, yar. Bir almanın iki üzü – biri sənsən, biri mən, yar. Qoşa simin titrəməsi – biri sənsən, biri mən, yar (ardı sonda)...

Bir vaxtlar – oxuyanların çox az (lakin saz!) olduğu çağlarda bu səsə, bu ifaya çox adam bəxtəvərlik oxuyurdu. Onlardan biri də mənim səksəni keçmiş nənəm idi ki, deyərdi, zalım balaları, elə bil, çölün bütün quş-düşünün avazlarını yoğurub yapıblar boğazlarına! Bir kərə də haman o nənəm həmin bu yazı anımlımızın radio-konsertini dinlərkən işlətdi bu sözləri. O an bu xanəndə şirin-sərincə zəngulələdiyi beytlərdəki bir sözü (“Şəh-di lə-biiiin”i) ciknələrkən nənəmin gözləri doldu və vaxtaşırı işlətdiyi “ümumtərif” təsnifatını belə fərdiləşdirdi: “Bude, bu qonşu Sərdarrı (hansı ki, o Sərdarlı kəndi bizdən düz 35 km. aralı) balası İslam İrzayev kimi! Bəh-bəh... Bəxdəvər səni doğanın başına, a cəh-cəh!”

 

Peşəkar qədir-qiymətlərdən

 

“İslam Rzayev tək elə dinləyicilərinin zövqünü yox, mahnıların, muğamların da qəlbini bilirdi” (Xalq artisti Əlibaba Məmmədov).

“İslam Rzayev zəngulələri kişmişi üzüm kimi gilələyirdi. Qədimdən-qədim muğamın müasir ifaçılığındakı yeni nüanslarda İslamın improvizə payı daha çoxdur” (Xalq artisti Canəli Əkbərov).

İki tələbə yoldaşımın ötən əsrin 70-ci illərində (metronun “Bakı Soveti” stansiyası qarşısında) İslam Rzayevin özünə dediklərini də xatırlatmaq istərdim. Mais Kazımov: “İslam müəllim, orta məktəb dostlarımdan biriylə yeddi ildi küsülüydüm. Sizin “Segah təsnifi”nizə qulaq asdım, bilet alıb getdim rayona, barışdım, bir stipendiyalıq qonaqlıq verib, qayıtdım”. “Ay İslam müəllim hey, şəxsən Sizin və Süleyman Abdullayevin səsinizdən sonra mən kürdəmirli Tofiq Abdullayev həm də qarabağlı olmuşam. Vallah, ola bilər ki, nə üçünsə sizin ikinizlə də gündüz parta-part vuruşaram, ancaq, atamın canıyçün, axşam gedib radioda konsertinizə qulaq asıb, zülüm-zülüm ağlayaram!...”

 

Fono-filmoteka yaddaşlarından

 

Hörmətli oxucum, bu an özünü dinləyici-tamaşaçı “görəv”ində də gör və təxminən, 50 il bundan öncə çəkilmiş (rejissor – Arif Qazıyev) “Şur” televiziya filmini xatırla (və ya internetdən izlə). O filmin bir çox digər keyfiyyət-məziyyətləri öz yerində, İslam Rzayevin ifası özgə bir aləm deyilmi?! Ehtiyac varmı ki deyək; o filmdə qeyri-adi forma və məzmunda təqdim olunan “Şur” muğamının ən zil məqamının ifaçısı məhz İslam Rzayevdir! Elə bir (Şimal qorxulu) dövrün ekranında alovlanan Şərq məşəlləri, bir-birini əvəz edən milli abidələrimiz fonunda fəsindən-səsinədək milli-mental sənətkarlar (Əbülfət Əliyev, Əlibaba Məmmədov, Arif Babayev) içərisində məlhəm bəmləri, zərb zillərilə seçilən İslam Rzayev!...

Bu filmdən sonra İ.Rzayev səsinin sorağı digər kino və telefilmlərdən gəlməyə başladı: “Azərbaycan elləri”, “Bakı bağları”, “Havalansın Xanın səsi” və s. 1965-də ekranlara çıxan “Yenilməz batalyon” filminisə xüsusi qeyd etmək gərək. Nədən ki, bu sənətkarın səs tonu, ifa dinamikası o filmdəki faytonçuların qaç-qov əhvallarından əlavə, atların çapış dinamikasıyla da başabaş uyğun!  

 

Tərcümeyi-hal “zəngulə”lərindən

 

Noyabr (1934, Füzuli rayonu, Sərdarlı kəndi) doğumludur. Qarabağ xanəndəlik məktəbinin layiqli davamçılarındandır. Peşəkar musiqi təhsilini A.Zeynallı adına Musiqi Məktəbində alıb (S.Şuşinskinin sinifi). ADMİU-nu bitirdikdən sonra filarmoniyanın solisti kimi fəaliyyətə başlayıb. Azərbaycan tele-radiosunun qızıl fonduna daxil edilmiş “Çahargah”, “Bayatı-kürd”, “Mahur-hindi”, “Rast” dəsgahları milli musiqi xəzinəmizi zənginləşdirən nümunələrdən hesab edilir. “Möhür”lədiyi bir çox xalq və bəstəkar mahnılarından əlavə, C.Cahangirovun “Nəsimi”, “Aşıq Alı” və s. kantatalarında solo partiyaları da məharətlə ifa edib. Mahnı bəstəçisi kimi də tanınır (“Gəl, inad etmə”, “Dağlar başı duman olar”, “Almadərən” və s.). Muğam və mahnılarımızı yüzədək qastrol səfərində təbliğ edib. Pedaqoji fəaliyyətilə yetişdirdikləri hazırda müğənni-xanəndəlik sənətimizin layiqli davamçıları kimi tanınmaqdadırlar. Şəxsi təşəbbüs və səyilə “Muğam teatrı” yaradılıb. Musiqi mədəniyyətində xidmətlərinə görə 1967-də Əməkdar artist, 1989-da Xalq artisti adlarına, 2004-də “Şöhrət” ordeninə layiq görülüb. 

 

“Xatirələr”indən

 

“Ustad Seyid Şuşinskidən 17 muğam dəsgahı öyrənmişəm. İndiki xanəndələr kimi 2-3 (uzağı 5) yox ey! Mədəniyyət və İncəsənət Universiteti üçün proqram yazmışam ki, orada bir neçə mətləblə yanaşı, hər tələbənin 20 xalq və o qədər də bəstəkar mahnısı öyrənməsi məsələsi də var. Bu işlərimə görə mənə professor adı veriblər. Özünnəndemək olmasın, bunu ancaq Seyidin tələbəsi edə bilər...” 

“Çox hadisələrin şahidi olmuşam. İraqda Kərbəlanı ziyarətdən, bir neçə konsertdən sonra Kərkükə yollandıq. Oradakı azərbaycanlı əhali arasında yaşayan ərəb və kürd dinləyicilər də mənim səsimi möcüzə adlandırdılar, bir neçəsi isə soruşdu ki, Azərbaycanda neçə universitet var, dedim bir dənə. Bir-birinə baxıb gülüşdülər ki, “o boyda ölkədə bir universitet?”. Dedim, bizdə ali məktəblər “institut” adlanır və onların sayı 15-ə yaxındır. Soruşdular ki, universitetinizdə hansı dillərdə tədrislər var, dedim, ərəb, fars, ingilis, fransız, rus və sair. Alayı-dolayı suallara başlayanda, dedim, mən sənətçiyəm, bunları tərcüməçimiz Tarıyeldən soruşun. Onunla bir xeyli danışdılar və mənə yaxınlaşıb dedilər, “sizin uşaqlar ərəbcəni ərəblərin böyüklərindən də mükəmməl bilirmişlər ki! Bu fikri Bağdad qubernatorundan da eşidəndə, bizimkilərin zehin-fərasətlərilə fəxr etdim…”  

Və yuxarıdakı -

 

“Ardı var”ın davamı:

 

“Bu həyat da iki simdir – bu həm sənsən, həm mən, yar. Sevinc kimdir, kədər kimdir – o həm sənsən, həm mən, yar”...

Və... dünyalar da iki, ustad! Biri – ad (və Qarabağ nisgili!) qoyub getdiyin bu dünya, biri – minlərlə pərəstişkarının rəhmət dilədiyi, cənnət arzuladığı o dünya...

Tahir ABBASLI