Lənkəranda növbəti “Çay, Çəltik, Sitrus Festivalı” təşkil olunub
Azərbaycan xalqının təsərrüfat həyatında çox mühüm yer tutmuş el şənliklərindən biri də “Məhsul bayramı”dır. Bu ənənə Lənkəranda bu gün də davam etdirilir. 2017-ci ildən başlayaraq rayonda “Çay, Çəltik, Sitrus Festivalı” keçirilir.
Noyabrın 24-də Lənkərandakı Heydər Əliyev parkında şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşən bayram tədbirində çoxsaylı qonaqlar – Prezident Administrasiyası və Milli Məclisin əməkdaşları, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Kənd Təsərrüfatı Nazirliyinin və ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Milli Məclisin deputatı Hadı Rəcəbli lənkəranlıları və qonaqları festivalın keçirilməsi münasibətilə təbrik edərək ötən bir il ərzində rayonda çayçılıq, çəltikçilik və sitrusçuluq sahəsində qazanılmış uğurlardan danışıblar.
Sonra festival iştirakçıları parkın ərazisində quraşdırılmış çadır-pavilyonlarda, 100-ə yaxın stend və sərgi tumbasında çay, çəltik, sitrus meyvələrindən hazırlanmış müxtəlif kompozisiyalar, milli mətbəx, el sənətkarlığı nümunələri ilə tanış olublar.
Fotostendlərlə bəzədilən parkda “Çayımızın dadı var”, “Süfrələrin bəzəyi – Lənkəranın düyüsü”, “Sitrus bağlarının möcüzəsi” və digər pavilyonlar maraqla qarşılanıb.
Vitrinlərdə Lənkəranda istehsal olunan çay, çəltik, sitrus, digər növ ərzaq və sənaye məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdirilib, yerli müəssisələr, fermerlər, turizm obyektləri tərəfindən iştirakçılar üçün çay dəsgahı təşkil olunub.
Rayon aşpazlarının yerli düyü sortları olan “Haşimi”, “Sədri”, “Apolla”, “Campo” və sair düyülərdən bişirdikləri 50 növdən çox plov, Lənkəran mətbəxinin məşhur ləvəngisindən hazırlanmış yeməklər təqdim edilib.
Tədbirdə çayçılıqda, çəltikçilikdə və sitrusçuluqda uğur qazanmış əmək adamlarının bir qrupuna fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.
Festivalda rayonun bədii özfəaliyyət kollektivləri maraqlı proqramla çıxış edib, gənclərin və idmançıların iştirakı ilə intellektual-əyləncəli proqramlar nümayiş etdirilib.