Xəbər verdiyimiz kimi, noyabrın 17-dən 24-dək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “Özbəkkino” Milli Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə “Özbək kinosu həftəsi” keçirilib.
Özbəkistan nümayəndə heyəti həftə çərçivəsində İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Qəbələyə səfər edərək mədəniyyət müəssisələri və tarixi abidələrlə tanış olublar.
Rayon Mədəniyyət Mərkəzində nümayəndə heyətinin yerli kinosevərlərlə görüşü və film nümayişi təşkil olunub. Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə diqqətə çatdırıb ki, ölkəmizdə “Özbək kinosu həftəsi” ikinci dəfədir keçirilir və bu dəfə qardaş ölkənin filmləri ilə təkcə paytaxt sakinləri deyil, bölgələrdəki vətəndaşlar da tanış olmaq imkanı qazanıblar.
“Özbəkkino” Milli Agentliyinin əməkdaşı, kinoşünas Barno Unqboyeva və rejissor Şuxrat Mahmudov kino həftəsində müxtəlif janrlarda – tarixi, sənədli, bədii və cizgi filmlərinin nümayiş olunacağını bildirərək hər kəsi bu filmlərlə tanışlığa dəvət ediblər.
Çıxışlardan sonra “Rəqsin valehedici gözəlliyi” sənədli filminin nümayişi olub.
Qonaqlar İsmayıllı rayonunda Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə də tanış olub, əl işləri sərgisinə baxıblar. “Niyal” instrumental ansamblı konsert proqramı ilə çıxış edib.