Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev dekabrın 2-də “İncəsənətdə Nəsimi obrazı” mövzusunda beynəlxalq elmi konfransda iştirak etmək üçün ölkəmizə gələn Rusiya, Özbəkistan və Qazaxıstandan qonaqları qəbul edib.
Nazir qonaqları salamlayaraq ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Əbülfəs Qarayev nazirliyin tabeliyində fəaliyyət göstərən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutu, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi, eləcə də Təhsil Nazirliyinin tabeliyində olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəaliyyəti haqqında məlumat verib.
Mədəniyyət Nazirliyinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir sıra institutları ilə sıx əməkdaşlıq qurduğunu bildirən nazir Memarlıq və İncəsənət İnstitutu ilə əlaqələri xüsusi qeyd edib. Bildirib ki, dünyada memarlıq irsinin qorunması üzrə tələblər artıb. Bu gün fərqli mədəniyyətlərin bir araya gəlməsi diqqət mərkəzindədir.
Əbülfəs Qarayev Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən söz açıb, bu təşəbbüsün artıq qlobal platformaya çevrildiyini vurğulayıb.
Sovet dövründə mədəniyyət siyasətinin xüsusiyyətlərindən bəhs edən nazir bu gün oxşar çətinliklərlə üzləşən post-sovet ölkələrinin qloballaşmanın diktə etdiyi rəqəmsal transformasiyaya uyğunlaşmalı olduğunu deyib, kreativ sənayelərə daha çox diqqət ayırmaqla yeni konseptual yanaşmaların tətbiqinə ehtiyac yarandığını bildirib. Ölkəmizdə bu istiqamətdə həyata keçirilən layihələr haqqında qonaqlara məlumat verilib.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ərtegin Salamzadə “İncəsənətdə Nəsimi obrazı” mövzusunda beynəlxalq elmi konfrans barədə danışıb. Bildirib ki, dahi Azərbaycan şairi və mütəfəkkirinin 650 illik yubileyi münasibətilə keçirilən elmi tədbir müxtəlif ölkələrdən mütəxəssisləri bir araya gətirib.
Qonaqlar da öz növbəsində ölkəmizdə reallaşdırılan mədəniyyət siyasətinin, həyata keçirilən müxtəlif layihələrin onların marağına səbəb olduğunu diqqətə çatdırıblar.
Rusiyanın Krasnodar Dövlət Mədəniyyət İnstitutunun prorektoru, professor Nikolay Denisov iqtisadi elitanın, maliyyəçilərin ölkənin yaradıcı elitası ilə təmasının inkişaf etdirilməsinin XXI əsrdə mədəniyyətin sənayeləşməsinə və özəl sektor tərəfindən dəstəklənməsinə müsbət təsirindən danışıb.
Sonda Özbəkistan Rəssamlıq Akademiyası Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun rektoru, professor Nodirbek Sayfullayev qonaqlar adından səmimi qəbula görə Əbülfəs Qarayevə minnətdarlığını bildirib, xatirə hədiyyəsi təqdim edib.