Noyabrın 27-28-də Moskvada Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Qnesinlər adına Rusiya Musiqi Akademiyasının təşkilatçılığı ilə “İncəsənət ali təhsili müəssisələri beynəlxalq məkanda” mövzusunda beynəlxalq konfrans keçirilib.
A.Y.Vaqanova adına Rus Balet Akademiyasının təklifi ilə Bakı Xoreoqrafiya Akademiyası (BXA) da konfransda təmsil olunub. Akademiyanın İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadə tədbirdə iştirak edib.
Konfransın plenar iclasında Ə.Babazadə “Ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın Azərbaycan modeli: problemlər və perspektivlər” və “Bakı Xoreoqrafiya Akademiyası elm, təhsil və sənətin qovşağında” mövzularında təqdimatla çıxış edib. O, Azərbaycanda ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil və mədəniyyət siyasətindən danışıb, incəsənət yönlü ali təhsil müəssisələri barədə ətraflı məlumat verib. Müsəlman Şərqinin incəsənət beşiyi olan Azərbaycanın rəssamlıq, dekorativ-tətbiqi sənət, musiqi, teatr, kino və xoreoqrafiya sahəsində bədii təhsil nailiyyətləri barədə məlumat konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirdə eyni zamanda incəsənət və mədəniyyət universitetlərinin reytinqlərinin formalaşdırılması, habelə incəsənət sahəsində beynəlxalq təhsilin aktual problemləri, incəsənət universitetlərinin beynəlxalq təhsil bazarında marketinqi, beynəlxalq təhsilin infrastrukturu, birgə təhsil proqramları, yay məktəbləri və digər əməkdaşlıq formalarına dair müzakirələr aparılıb.
Konfrans çərçivəsində Ə. Babazadə Qnesinlər adına Rusiya Musiqi Akademiyasının prezidenti, Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS), Macarıstan Rəqs Akademiyasının, Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorları, Jurgenov adına Qazax Milli İncəsənət Akademiyasının, A.Vaqanova adına Rus Baleti Akademiyasının və Moskva Dövlət Xoreoqrafiya Akademiyasının prorektorları ilə görüşərək fikir mübadiləsi aparıb.