Prezident İlham Əliyev dekabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, 2020-ci ilin iyun ayında 100 illiyi tamam olacaq Milli Azərbaycan Tarixi Muzeyi mühüm mədəni-maarif və elmi tədqiqat mərkəzi kimi yarandığı vaxtdan etibarən uğurlu inkişaf yolu keçib.
Respublikanın bu ilk ən böyük muzeyinin Azərbaycan xalqının qədim zamanlardan müasir dövrə qədər tarixinin bütün mərhələlərini əks etdirən mədəniyyət nümunələrinin toplanılması, qorunması, nəşri, ekspozisiya və sərgilərdə nümayişi sahəsində diqqətəlayiq xidmətləri var. Muzeyin tarixi-mədəni irsimizin misilsiz yadigarlarının mühafizə olunduğu zəngin elmi fondlarında hazırda üç yüz mindən artıq eksponat saxlanılır. Muzey əməkdaşları tarix, muzeyşünaslıq və numizmatika istiqamətlərində araşdırmalar aparmaqla yanaşı, arxeoloji qazıntılar nəticəsində Azərbaycan tarixinə dair bir sıra abidələr üzə çıxarmış və əsaslı tədqiq etmişlər.
Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasına Mədəniyyət Nazirliyi ilə birlikdə Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.