Prezident İlham Əliyev dekabrın 5-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və publisist Məhəmməd Hadinin (Ağaməhəmməd Hacı Əbdülsəlim oğlunun) 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda vurğulanır ki, Məhəmməd Hadi XX əsr Azərbaycan poeziyasında romantizmin ədəbi cərəyan kimi təşəkkülü və inkişafında mühüm xidmətlər göstərib. Şərq bədii-estetik fikir tarixinin dərin bilicisi olan qüdrətli qələm sahibi bütün istedadını doğma vətəninin mədəni tərəqqisi uğrunda mübarizəyə həsr edib. Şairin dövrün mürəkkəb sosial-siyasi mənzərəsini dolğun əks etdirən, ictimai həyat hadisələrini fəlsəfi mövqedən işıqlandıran və eyni zamanda, özünün bənzərsiz sənətkarlıq xüsusiyyətləri ilə seçilən, maarifçilik ideyaları ilə zəngin əsərlərində elmin və mədəniyyətin təbliği başlıca yer tutur. Xalqları oyanışa və istiqlaliyyət uğrunda mübarizəyə səsləyən Məhəmməd Hadi azadlığı cəmiyyətin və şəxsiyyətin həyatının mənası sayaraq onu daim romantik vüsətlə tərənnüm edib.
Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasına, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, mütəfəkkir şair Məhəmməd Hadinin 140 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
***
Dövlət başçısının dekabrın 5-də imzaladığı daha bir sərəncam Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədovun 90 illiyi ilə bağlıdır. Sənətkarın 90 illiyi 2020-ci ilin fevral ayında tamam olur.
Sərəncamda qeyd edilir ki, tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı kimi Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirmiş böyük sənətkardır. Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti ona xalqın sevgisini qazandırıb. Sənətkarın mahir ifaçısı olduğu rəngarəng muğam və təsniflərlə yanaşı, müəllifi olduğu mahnılar dinləyicilərin qəlbində silinməz izlər qoyub. Muğamın tədrisi sahəsində uzun illər uğurla çalışan tanınmış pedaqoq Əlibaba Məmmədovun yaradıcılıq yolu gənc xanəndələr nəsli üçün bir sənət məktəbidir.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə Əlibaba Məmmədovun 90 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.