Goranboy rayonu ərazisində Xocalı köçkünləri üçün salınmış yaşayış massivində fəaliyyət göstərən Xocalı şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin fəaliyyətinin 30 illiyi münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə tər çiçəklər düzüblər. Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Xocalıdan olan məcburi köçkünlərlə görüşlərini əks etdirən fotostendlərə, “Xocalı faciəsi – xalqın qan yaddaşı” adlı stendə, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri, ümumilikdə mədəniyyətin inkişafına göstərilən diqqət və qayğını əks etdirən guşələrə baxış keçirilib.
Tədbirdə məktəbin direktoru Ziya Aşurov çıxış edərək tədris ocağının fəaliyyəti haqqında məlumat verib. Qeyd edilib ki, Xocalı şəhər 1 nömrəli Uşaq musiqi məktəbi 1989-cu ilin sentyabr ayından fəaliyyətə başlayıb. Xocalı rayonunun işğalından sonra məktəb fəaliyyətini Naftalan şəhərində davam etdirib. 2012-ci ilin yanvarında Goranboy rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbəyə köçürülüb. Uşaq musiqi məktəbinin açılışında ölkə başçısı iştirak edib. Vurğulanıb ki, məktəbdə 5 ixtisas üzrə 99 şagird təhsil alır və 34 müəllim çalışır.
Gəncə Regional Mədəniyyət İdarəsinin əməkdaşı Bəxtiyar Muradov məktəbin direktoruna regional idarənin fəxri fərmanını təqdim edib.
Sonda Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edərək məktəbin kollektivinə uğurlar arzulayıb.
Yubiley tədbiri məktəb şagirdlərinin musiqi nömrələri ilə davam edib.