Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Beş tarixin bir ünvanı” adlı tədbir keçirilib.
Bu ad özündə beş önəmli və əlamətdar tarixi ehtiva edib. Mərkəzi Kitabxananın Uşaq şöbəsinin 50 illiyi fonunda eyni zamanda İmadəddin Nəsiminin 650, Cəlil Məmmədquluzadənin 150, Cəfər Cabbarlının 120 və Sumqayıt şəhərinin 70 illiyinə bir tədbirdə yer verilib.
Tədbir balaca oxucuların hazırladıqları mahnı təbriki ilə başlanıb. Sabir Sarvan adına Poeziya klubunun üzvləri Uşaq şöbəsinin əməkdaşlarını parodiya edən ilk səhnəciyi nümayiş etdiriblər.
Tədbirin aparıcısı, yazıçı-ssenarist, kulturoloq Hafiz İmamnəzərli beş tarixin bir məqamda cəmləşdirilməsinin təsadüfi olmadığını bildirib. Qeyd edib ki, kitabxana zəka evi, bilik mənbəyidir. Eyni zamanda Nəsimi, Mirzə Cəlil, Cəfər Cabbarlı, Sumqayıt və Mərkəzi Kitabxananın Uşaq şöbəsini birləşdirən bir mənəvi dəyər var: həqiqət.
Proqram boyunca əlamətdar yubileylərə həsr olunan ədəbi kompozisiyalar təqdim olunub. “Kimyaçı” mədəniyyət sarayının “Kimyaçı” instrumental ansamblı və rəqs kollektivinin üzvləri tədbirə rəng qatıblar.
Sonda Mərkəzi Kitabxananın Uşaq şöbəsinin müdiri Yeganə Hüseynova qonaqlara təşəkkürünü bildirib.