Xəbər verildiyi kimi, dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə böyük söz ustadı, mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkə ərazisində bir gündə 650 min ağacın əkilməsi aksiyası keçirilib.
Aksiyada paytaxt Bakının mədəniyyət müəssisələri ilə yanaşı, regional mədəniyyət idarələri də yaxından iştirak ediblər. Mədəniyyət işçilərinin, muzey, kitabxana, musiqi məktəbləri, teatr və konsert müəssisələri kollektivlərinin qatıldığı ekoloji aksiya hər kəs tərəfindən qiymətli təşəbbüs kimi dəyərləndirilib. Ölkənin mədəniyyət işçiləri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu təşəbbüsünü yüksək əhval-ruhiyyə ilə qarşılayaraq onun həyata keçməsinə öz töhfələrini veriblər.
Mədəniyyət Nazirliyinin regional idarələrinin təşkilatçılığı ilə mədəniyyət ocaqlarının kollektivləri ağac əkini mərasimində rəngarəng mədəni proqram təqdim edərək bu nəcib təşəbbüsü daha da yaddaqalan ediblər.
Bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ölkəmizdə aparılan genişmiqyaslı yaşıllaşdırma tədbiri olmaqla yanaşı, vətənimizin abadlığına və estetik gözəlliyinə də xidmət edir. Dahi şair İmadəddin Nəsimi poeziyası insanları paklığa, mənəvi kamilliyə səslədiyi kimi, kütləvi yaşıllaşdırma aksiyası da təbiətin saflaşmasına, təbiətə sevgi və qayğı, ekoloji tarazlığın qorunmasına töhfədir.