Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirlər

Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı Bakı Xoreoqrafiya Akademiyasında tədbir keçirilib. Akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev ulu öndərin həyat və fəaliyyətindən danışıb.

Rektor qeyd edib ki, Azərbaycan mədəniyyətinin davamlı inkişafı ümummilli liderin fəaliyyətinin mühüm tərkib hissəsi kimi hər zaman xüsusi əhəmiyyət kəsb edib. Heydər Əliyev bütün fəaliyyətini Azərbaycan xalqının və respublikamızın hərtərəfli inkişafına, azərbaycançılıq ideyasının milli şüurda möhkəmlənməsinə, Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün dünyada tanınmasına həsr edərək bu sahədə misilsiz xidmətlər göstərib. Azərbaycançılıq ideologiyası Azərbaycanı yüksəltmək, dünyada tanıtmaq və onun əbədiliyini qorumaqdır ki, Heydər Əliyev ömrü boyu məhz bu ali məqsədə nail olmaq üçün çalışırdı. O, bu yolda bədii ədəbiyyatımızın, incəsənətimizin və bütövlüklə mədəniyyətimizin böyük imkanlarına əzmlə güvənirdi.

Tədbirdə daha sonra İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aygül Hüseynova, dekan müavini, Əməkdar artist Eteri Cəfərova, Sənətşünaslıq kafedrasının müdiri, professor Rafiq Sadıqov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Çingiz Bağırov və başqaları çıxış edərək ulu öndərin mədəniyyət və incəsənətin müxtəlif sahələrinin, elm və təhsilin inkişafında rolu barədə danışıblar.

***

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunan “Ulu öndər” sənədli filminin təqdimatı keçirilib.

ADMİU-nun professoru, Kino və televiziya sənətləri kafedrasının müdiri Rafiq Quliyevin quruluşçu rejissoru olduğu film Heydər Əliyevin 1969-cu ildən 2003-cü ilədək Azərbaycana rəhbərlik etdiyi dövrdən bəhs edir.

Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova filmin əhəmiyyətindən və bədii məziyyətlərindən danışıb. Əməkdar incəsənət xadimi, professor Aqşin Babayev, tarzən, Xalq artisti Zamiq Əliyev, professor Məryəm Əlizadə çıxış edərək Heydər Əliyevin mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə qayğısından söz açıblar.

***

Dekabrın 11-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilib.

Universitetin rektoru İlham Mədətov ulu öndərin müdrik siyasətindən, elm, təhsil, mədəniyyət sahələrinin inkişafında əvəzolunmaz rolundan danışıb.

Ümummilli liderin hər zaman gənclərə qayğı ilə yanaşdığını deyən rektor bu sahədə həyata keçirilən dövlət proqramlarını ulu öndər tərəfindən əsası qoyulan  gənclər siyasətinin uğurlu nəticəsi kimi dəyərləndirib.

ATMU-nun “Heydər Əliyev” lektoriyasının rəhbəri, tarix üzrə elmlər doktoru  Məhərrəm Zülfüqarlı ümummilli liderin xalq və dövlət üçün gördüyü işlərdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsində xidmətlərindən bəhs edib.

***

Azərbaycan Tibb Universitetində də ulu öndərin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif  Əsgərov, ATU-nun rektoru, professor Gəray Gəraybəyli, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, rayon ziyalıları iştirak ediblər.

Tədbirdə BMA-nın prorektoru, professor Yeganə Axundovanın rəhbərliyi ilə akademiyanın tələbələrinin ifasında Heydər Əliyevin xatirəsinə həsr edilmiş musiqi kompozisiyaları səslənib.

***

11-12 dekabr tarixində L. və M.Rostropoviçlərin ev-muzeyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “açıq qapı” aksiyası keçirilib.

Muzeyə gələn ziyarətçilər Mstislav Rostropoviç və Heydər Əliyevin dostluğunu əks etdirən fotoşəkillər, məktublar və digər eksponatlarla tanış olublar.

Ziyarətçilərə üç dildə (Azərbaycan, rus, ingilis) ekskursiya keçirilib, muzeyin kino fondunda yer alan “Heydər Əliyev və M.Rostropoviç” filmi nümayiş etdirilib.

***

Azərbaycanın milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Bu fikir Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tərtər rayon Heydər Əliyev Mərkəzində keçirilən açıq dərsdə səsləndirilib.

“Heydər Əliyev və ən yeni Azərbaycan tarixi” mövzusunda dərsdə rayon 3 və 5 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər. Mərkəzin direktoru Səlimə Yusubova məktəblilərə ulu öndərin həyatı və siyasi fəaliyyəti, xalqımız və dövlətimiz qarşısında xidmətlərindən danışıb.

***

Sabirabad rayon Mədəniyyət Mərkəzində rayon MKS ilə birgə ümummilli lider, Heydər Əliyevin anım gününə həsr olunan dəyirmi masa keçirilib. Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Telman Əzimov, MKS-nin direktoru Eldar Urufov, rayon Mədəniyyət Mərkəzinin direktoru M.Ağazadə ulu öndərin elm, təhsil, mədəniyyət sahələrinin inkişafında xidmətlərindən, onun rəhbərliyi ilə gerçəkləşən quruculuq proqramlarından danışıblar.

***

12 dekabr – ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində tədbir keçirilib. Tədbirdə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətləri haqqında məlumat verilib, ədəbi-bədii kompozisiya nümayiş olunub.