Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Bərdə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Yevlax şəhərində təşkil olunmuş “Respublikada yerləşən xalq teatrları və dram dərnəklərində aktyorların səhnə yaradıcılığında mühüm sayılan yaddaş və diqqət məşğələlərinin təşkili” adlı ustad dərsləri başa çatıb.
Dərslərdə Bərdə, Tərtər rayonlarında, Yevlax və Mingəçevir şəhərlərində mədəniyyət mərkəzlərində (filialları ilə birlikdə), klublarda fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin rəhbərləri, rejissorları və aktyorları iştirak ediblər.
Dərsləri aparan mərkəzin əməkdaşı, Əməkdar mədəniyyət işçisi Hikmət Nəbili qeyd edib ki, xalq teatrları bölgələrdəki mədəni həyatı canlı saxlayır, məşhur aktyorların yetişməsi üçün vacib rol oynayır. Ona görə də xalq teatrlarında yeni formatlı, eksperimental tamaşalar qurulmalı, istedadlı rejissorlardan istifadə edilməlidir.
Bərdə Regional Mədəniyyət İdarəsinin nümayəndələri çıxış edərək qeyd ediblər ki, yüksək texnologiyalar dövründə ənənəvi teatrı müasir üsullar, müasir yanaşma yaşada bilər. Xalq teatrlarının və dram dərnəklərinin işində də yeni formatlar axtarıb tapılmalıdır. Dərs çərçivəsində interaktiv tamaşa nümayiş olunub.