Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə dekabrın 15-də Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində VII “Lənkəran payızı” folklor festivalı keçirilib. Tədbir çərçivəsində həmçinin IV “Bizim Qala” diyarşünaslıq, VII “Dəmirağacı” sənətkarlıq sərgiləri təşkil edilib. Qonaqlar əvvəlcə sərgilərlə tanış olublar.

Mədəniyyət mərkəzinin direktoru Hafiz Mirzə ənənəvi olaraq keçirilən sənətkarlıq, diyarşünaslıq sərgiləri və “Lənkəran payızı” folklor festivalı barədə məlumat verib, folklor ənənələrinin qorunub saxlanılması istiqamətində görülən işlərdən danışıb.

Sonra Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli çıxış edərək xalqın zəngin folklor ənənələrinin yaşadılması sahəsində belə tədbirlərin xüsusi əhəmiyyətli olduğunu vurğulayıb, tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Folklorşünas alim, filologiya elmləri doktoru Yədulla Ağazadə milli adət-ənənələrin qorunub saxlanılmasının gələcək nəsillər üçün nümunə olduğunu bildirib.

Mərkəzin mədəniyyət evi və klub filiallarında çalışan mədəniyyət işçiləri tərəfindən xalq mahnıları,  folklor nümunələri səsləndirilib, milli rəqslər, xalq oyunları ifa olunub. Sərgi və festivalda fərqlənən iştirakçılar diplomlara layiq görülüblər.