Bərdə Regional Mədəniyyət İdarəsi yaradıcı və mədəniyyət sənayelərinin inkişafına dəstək məqsədilə “Yaradıcı sənaye və yerli imkanlar” adlı sərgi-yarmarka təşkil edib.
Bərdə Dövlət Rəsm Qalereyasının qarşısında keçirilən sərgi-yarmarkada regional idarənin əhatə etdiyi Yevlax, Mingəçevir şəhərləri, Tərtər və Bərdə rayonlarından nümayəndələr iştirak edib, sənətkarlıq, təsviri sənət nümunələri nümayiş olunub. Yarmarkada nümayiş olunan toxuma və bədii tikmə, ağac üzərində oyma işləri, xalçalar, suvenirlər, təqdim olunan musiqi nömrələri rayon sakinlərinin və qonaqların marağına səbəb olub.
Regional idarənin rəisi İlyas Hacıyev sərgi-satış yarmarkasının keçirilməsinin əhəmiyyətindən, dövlətimizin dünya təcrübəsini nəzərə alaraq mədəniyyət sahəsinə yeniliklər gətirməsindən bəhs edib. Vurğulanıb ki, sərgi-yarmarka regionda yaradıcı sənayenin inkişafına yönələn bir addımdır. Yaradıcı sənayenin inkişafı həm yaradıcı vətəndaşların ailə gəlirlərinin artırılması, maddi rifahlarının yaxşılaşdırılması, həm də bölgədə turizmin inkişafı baxımından əhəmiyyət kəsb edir. Bu cür yarmarkalar regional idarənin əhatə etdiyi şəhər və rayonlarda davamlı olaraq keçiriləcək.