2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı dekabrın 30-da sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşadıb. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlət tərəfindən zəruri addımlar atılıb, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib.
Diqqətə çatdırılır ki, ölkəmizdə könüllülər öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verərək “Eurovision” mahnı müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar. 2019-cu ildə 5 dekabr – Beynəlxalq Könüllü Günü Azərbaycanda ilk dəfə keçirilib və bu hərəkatın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirib.
Sərəncama əsasən, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilib.
Nazirlər Kabinetinə bununla bağlı tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.