Bəzi tarixi şəhərlərdə müasir binalar o şəhərlərin simasını korlayır, tarixlə tamamilə uzlaşmır. Amma bizim müasir binalarımız elə gözəl memarlıq üslubunda və elə yerlərdə inşa edilib ki, tarixlə uzlaşır.
Məsələn, qədim İçərişəhərdən çıxıb yolu keçərək müasir bulvara qədəm qoyan hər bir insan sanki keçmişdən bu günə səyahət edir. Yenə də deyirəm, bu, nadir bir mənzərədir. Şəhər inkişaf etməlidir, böyüməlidir, ancaq çox ciddi şəhərsalma prinsipləri əsasında. İndi tikintidə mövcud olan əmsallar gözlənilməlidir və bu əmsallar pozulmamalıdır.
Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin funksiyalarının genişləndirildiyini bildirən Prezident vurğulayıb ki, hazırda komitənin şəhərsalma və memarlıq prinsiplərini müasir əsaslarla təşkil etmək üçün xüsusi rolu və əhəmiyyəti var.
Dövlət başçısı qeyd edib ki, Bakı çar Rusiyası dövründə və sovet dövründə sənaye şəhəri kimi formalaşıb və sənayenin genişmiqyaslı inkişafı şəhərin ekoloji vəziyyətinə mənfi təsir də göstərib: “Bir neçə il bundan əvvəl mənim göstərişimlə Bakıda geniş yenidənqurma və abadlıq işlərinə start verildi. Vəzifə ondan ibarət idi ki, biz Bakını parklar və bağlar şəhərinə çevirək və buna nail oluruq. Bu gün həm Bakı sakinləri bunu görür, həm də xarici qonaqlar bunu qeyd edirlər. Vaxtilə ekoloji fəlakət mənzərəsini əks etdirən Bibiheybət buxtası indi yaşıllıq, park zonasıdır”.
Prezident Balaxanı zibilxanasında məişət tullantılarının çeşidlənməsi prosesinin təşkil edildiyini, o əraziyə bitişik olan Böyükşor gölünün təmizlənməsi layihəsinin əhəmiyyətini də diqqətə çatdırıb: “Hazırda orada bir kilometr uzunluğunda bulvar salınıb. Mən digər sahələri də sadalaya bilərəm, onlardan biri də Qara şəhərdir. İndi bəzilərinin yadından çıxır ki, biz maşınla o yerdən keçəndə pəncərələri bağlayırdıq. Çünki tüstüdən, iydən dayanmaq mümkün deyildi. Biz Qara şəhəri Ağ şəhərə çevirdik. Hesab edirəm ki, bu da dünya miqyasında ən böyük və ən müasir standartlara cavab verən şəhərsalma layihələrindən biridir. Artıq orada çoxmənzilli evlər tikilir, ictimai zonalar yaradılır. Qara şəhəri ləğv edib onun yerində ekoloji təmiz Ağ şəhər yaratmaq bizim növbəti tarixi xidmətimizdir”.
Dövlət başçısı paytaxtın “Sovetski” adlandırılan ərazisində görülən işlər, orada Mərkəzi Parkın yaradılması, eləcə də uzunluğu 15 kilometrə çatdırılmış Dənizkənarı bulvarda həyata keçirilən layihələrdən bəhs edərək bildirib ki, Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətində, ilk növbədə, bu amillər nəzərə alınmalıdır. Vətəndaşların rahatlığı, ekoloji cəhətdən təmiz layihələrin icrası və şəhərsalma qaydalarına tam riayət edilməsi əsas prinsiplər olmalıdır: “Əfsuslar olsun ki, əvvəlki dövrlərdə şəhərsalma qaydaları bəzi hallarda kobudcasına pozulurdu. Bakının müxtəlif yerlərində tarixi keçmişimizə zidd olan, heç bir memarlıq standartına uyğun olmayan yöndəmsiz və eybəcər binalar tikilirdi. O binalar elə tikilirdi ki, həm ümumi mənzərəyə ziyan vururdu, həm də orada heç bir şəhərsalma əmsalı nəzərdə tutulmurdu. Son vaxtlar mənim göstərişimlə, xüsusilə Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyinin dəyişilməsi nəticəsində artıq bu qaydalara riayət edilməyə başlanmışdır. Bunu iş adamları da nəzərə almalıdırlar. Bakı şəhəri bizim tarixi sərvətimizdir. Biz imkan verə bilmərik ki, hansısa bir təmənnaya, hansısa bir hərisliyə görə şəhərimizin keçmişini məhv edək, yaxud da şəhərimizin gələcəyini şübhə altına qoyaq. Qətiyyən bu, olmayacaqdır. Bütün biznes dairələri, inşaatla məşğul olan bütün şirkətlər bilsinlər ki, bundan sonra harada gəldi bina, ev tikmək praktikasına artıq son qoyulubdur”.
Prezident qeyd edib ki, Bakı şəhəri bundan sonra ancaq Baş Plan əsasında inkişaf etməlidir. Eyni zamanda digər böyük şəhərlərimizdə də bu proseslər getməlidir, o cümlədən Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan və digər şəhərlərin Baş Planı tərtib edilməlidir.
Dövlət başçısı vurğulayıb ki, Bakının bu gün dünyanın ən gözəl şəhərlərindən biri olmasının iki səbəbi var: “Birincisi, şəhərin quruluşu, şəhərdə mövcud olan gözəl tarixi memarlıq abidələri, o cümlədən İçərişəhər, şəhərimizin Xəzər dənizinin kənarında yerləşməsi. Bu abidələr əsrlər boyu mövcud idi. Ancaq indi bəziləri unudur ki, onların əvvəlki görkəmi necə idi. Qapqara qaralmış, yarıdağılmış, baxımsız, rəngi solmuş binalar və illər boyu o binaların divarlarına hopmuş çöküntülər onların əsl simasını gizlədirdi. Biz bütün təmir işlərini çox böyük ustalıqla, binaların tarixi görünüşünə xələl gətirmədən aparmışıq. Bu, birinci amildir ki, biz Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirmişik və tarixi abidələrimizi bərpa etmişik. İkinci amil müasir binalardır. Bunlar da memarlıq abidələridir. Məsələn, Heydər Əliyev Mərkəzi ən mötəbər mətbu orqanların birində dərc edilən hesabatda dünyanın ən gözəl 10 binasının arasında yer alıb. Mənim fikrimcə, bu, dünyanın ən gözəl binasıdır. Biz təkcə Heydər Əliyev Mərkəzinin timsalında nəinki müasir Bakımızın, Azərbaycanımızın rəmzini görürük. “Alov qüllələri”, “Crystall Hall”, Xalça Muzeyi, ofis binaları – bütün bunlar Bakının müasir memarlığını təcəssüm etdirir. Əsas vəzifəmiz, - mən bu vəzifəni çox ciddi qoymuşdum, - ondan ibarət idi ki, biz keçmişlə müasirliyin vəhdətini təşkil etməliyik”.
Prezident 2019-cu il martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə səslənən təklifi də xatırladaraq bu yöndə tapşırıqlarını verib: “Memarlar İttifaqının sədri təklif vermişdi ki, Bakının mərkəzi rayonu formalaşsın. Mən Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq göstərişlər vermişəm. Sizə də tapşırıram, Bakı Şəhər İcra Hakimiyyəti, Memarlar İttifaqı yığışın birlikdə təklifləri konkretləşdirin. Çünki bunun üstündən artıq uzun müddət keçib, ancaq hələ ki, mənə heç bir təklif verilməyib. Mən prinsip etibarilə bu təklifi dəstəkləyirəm. Çünki belə olan halda mərkəzi rayonda bu rayona uyğun xüsusi mühafizə tədbirləri görülə bilər və memarlıq abidələrimizə diqqət daha da yüksək ola bilər”.