Beynəlxalq Muğam Mərkəzində “Aşıq musiqisi axşamları” layihəsinin ötən il üzrə son tədbiri (30 dekabr) “Aşıq Pəri məclisi”nin qurucusu, Əməkdar mədəniyyət işçisi Narınc Xatunun xatirəsinə həsr olunmuşdu.
Tədbiri giriş sözü ilə folklorşünas, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli açaraq “Aşıq Pəri məclisi”nin yaranma tarixindən danışdı. Bildirdi ki, 1984-cü ildə Xalq şairi Hüseyn Arif və Əməkdar mədəniyyət işçisi Narınc Xatun saz-söz sənətimizin görkəmli nümayəndəsi Aşıq Pərinin adını daşıyacaq bu məclisi yaratmaq qərarına gəlirlər. Aşıq Ulduz, aşıq Solmaz və digərləri istedadlı xanımların sorağı ilə müxtəlif bölgələri gəzirlər. Zəhmətləri hədər getmir. Nəhayət, “Aşıq Pəri məclisi” yaranır, istedadlı və yaradıcı aşıq xanımlar onun ətrafında toplanır. Xeyli vaxt məclisə unudulmaz sənətkar Narınc Xatun rəhbərlik edir. Azərbaycan Aşıqlar Birliyinin sədri olmuş xalq şairləri Hüseyn Arif və Zəlimxan Yaqub məclisin fəaliyyətinə daim diqqət göstəriblər. Bu gün də “Aşıq Pəri məclisi” Aşıqlar Birliyinin nəzdində uğurla fəaliyyət göstərir.
“Aşıq Pəri məclisi”nin bədii rəhbəri, şair-publisist Güllü Eldar Tomarlı çıxış edərək Narınc Xatunla bağlı xatirələrini bölüşdü: “Narınc Xatun haqqında çox eşitmişdim. Deyirdilər, çox istedadlı və qayğıkeş bir sənətkardır, aşıq sənətinə çox bağlıdır. Sinəsində bir şair ürəyi döyünür. Onu yaxından tanıyandan sonra gördüm ki, Narınc Xatun, doğrudan da, qəlbində ədəbiyyata-poeziyaya bir abidə ucaldıb. Onun sənət işığına neçə-neçə sənət vurğunu “Aşıq Pəri məclisi”nə axıb gəlmişdi. Narınc Xatun bu məclisdə sazın-sözün ahəngini yaratmışdı”.
“Aşıq Pəri məclisi”nin sədri, şairə Pərvanə Zəngəzurlu da Narınc Xatunun ömür yolundan bəhs etdi. Bildirdi ki, Narınc Xatun 1930-cu ildə Neftçala rayonunda dünyaya göz açıb. Erkən çağlardan poeziyaya maraq göstərib. İlk şeirləri orta məktəb illərində yerli mətbuatda dərc edilib. Aşıq Mikayıl Azaflı ilə birlikdə “Azaflı və Narınc Xatun dastanı”nı yaradıblar. Narınc Xatunun “Burla xatun nəvəsiyəm” adlı şeirlər toplusu 2002-ci ildə işıq üzü görüb. Azərbaycan aşıq sənətinin təbliği, xüsusilə də qadın aşıqlarımızın tanıdılması yolunda Narınc Xatunun əvəzsiz xidmətlərindən danışan P.Zəngəzurlu qeyd etdi ki, onun zəhməti sayəsində yaradılan “Aşıq Pəri məclisi” bu gün də öz ənənəsinə sadiq qalaraq saz və söz sənətinin təbliğinə töhfəsini verməkdədir.
Çıxışlardan sonra “Aşıq Pəri məclisi”nin üzvləri Kəmalə Qubadlı, Xavər Zəngilanlı, Gülənaz Bədəlbəyli, Ləman Mirzəyeva, İlahə Gədəbəyli, Nazənin Lerikli, Nabat Nuruqızı və başqalarının ifasında “Gödəkdonlu”, “Sarıtel”, “Baş Sarıtel”, “Laçın”, “Gəraylı”, “Orta Şərilli” aşıq havaları dinlənildi. Gecədə Narınc Xatunun şeirləri də səsləndirildi. Çıxışlar alqışlarla qarşılandı.
Sonda Narınc Xatunun oğlu Tofiq çıxış edərək anası ilə bağlı xatirələrini bölüşdü, tədbirin təşkilatçı və iştirakçılarına təşəkkür etdi.
S.FƏRƏCOV