Misirin ən iri mədəniyyət məkanı adına iddia edən Giza şəhərindəki Böyük Misir Muzeyində (Giza Muzeyi) son tamamlama işləri görülür. Bu il açılışı nəzərdə tutulan muzeydə işlərin 90 faizi başa çatdırılıb.

Ölkənin Nazirlər Kabineti ildə 5 milyon ziyarətçi qəbul edəcək Böyük Misir Muzeyinin infoqrafik məlumatını dərc edib. Məlumata görə, dünyanın bu ən böyük arxeologiya muzeyində bütöv bir sivilizasiyaya həsr edilmiş 49 603 artefakt nümayiş etdiriləcək.

Muzeydə müxtəlif xarici ölkələrdən geri alınmış 23 qədim abidə də yerləşdirilib, girişdə isə Misirin ən məşhur fironlarından biri II Ramzesin abidəsi qoyulub.

Böyük Misir Muzeyi ilə yanaşı, İsgəndəriyyə şəhərindəki “Baron Palas”da, Yəhudi Məbədində (Eliyahu Hanbi), Luksorda və Giza piramidalarında da bərpa işləri yekunlaşmaq üzrədir.

Misirin Qədim Abidələr Nazirliyinin məlumatında bildirilir ki, 2019-cu ildə 25 arxeologiya layihəsinin, o cümlədən Fayumdakı Mortar piramidasının bərpasının təqdimatı keçirilib. Bundan başqa, Luksorda 30 tabutun olduğu Assassif yeraltı anbarının tapılması ötən ilin ən mühüm elmi kəşflərindən olub. Digər əhəmiyyətli tapıntı Misir fironlarının beşinci sülaləsinin Saqqara yaşayış məskənində aşkar edilmiş sərdabəsi olub. ABŞ-ın “Archeology” jurnalı bu sərdabəni 2019-cu ilin 10 ən yaxşı arxeoloji kəşflərindən biri hesab edib.

CAVİD