Yanvarın 16-da Atatürk Mərkəzində tədqiqatçı-yazar Xaqani İsmayılın “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabının xarici dillərdə nəşrinin təqdimat mərasimi keçirilib. Əsər ingilis, rus və Azərbaycan dillərində çap olunub. Kitabın Türkiyədə də çap olunması nəzərdə tutulur.
Müəllif Xaqani İsmayıl uzun illər Azərbaycan, Türkiyə, Gürcüstan və başqa ölkələrin arxivlərində çalışaraq erməni məsələsi, onların törətdiyi soyqırımları, ərazi iddiaları ilə bağlı araşdırmalar apardığını söyləyib. Araşdırmalar nəticəsində ermənilərin təkcə türklərə, müsəlmanlara qarşı deyil, həmçinin xristianlara və yəhudilərə dəqarşı soyqırımları törətdiyi tarixi faktlarla üzə çıxarılıb. “Ermənilər 1918-ci ildə gürcü xalqına qarşı da soyqırımı törədiblər. Gürcüstanın istintaq idarələrinin arxivləri bütün dəlillərlə bu hadisənin məhz ermənilər tərəfindən törədildiyini sübut edir. Bu arxivlərdə həlak olanların siyahısı, şahid ifadələri, fotolar yer alıb”, – deyə X.İsmayıl bildirib.
Vurğulanıb ki, ermənilər 1918-ci ildə Quba hadisələrində azərbaycanlılarla yanaşı, yəhudilərə qarşı soyqırımı törədiblər. Belə qırğınlar Türkiyədə də baş verib, çoxlu sayda yəhudi öldürülüb.
AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi Kamran İsmayılov bildirib ki, kitab Birinci Dünya müharibəsi fonunda Qafqaz, Anadolu və Orta Asiya bölgələrində yaşayan türklərin, müsəlmanların, habelə xristianların və yəhudilərin soyqırımını sənədli qaynaqlar əsasında işıqlandırır.