Azərbaycanın beynəlxalq aləmdə rolu artır
İsveçrənin Davos şəhəri ənənəvi olaraq hər il yanvarın üçüncü ongünlüyündə dünyanın gündəm mövzularının müzakirəsi üçün dövlət və hökumət başçılarını, nazirləri, böyük şirkət və beynəlxalq təşkilatların rəhbər və təmsilçilərini bir araya gətirir. Bu il məşhur dağ-kurort şəhərində Dünya İqtisadi Forumu 50-ci dəfə keçirilir.
Yanvarın 21-də başlayan yubiley forumunda aparılacaq müzakirələrin əsas mövzusu texnoloji yeniliklərdən istifadə edərək təbii ehtiyatları qoruyub gələcək nəsillərə çatdırmaqla bağlıdır. Forumda 117 ölkədən 3 minə yaxın nümayəndə iştirak edir.
Azərbaycan Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunda iştirak edir. Dövlət başçısı artıq Davosda bir sıra görüşlər keçirib. Prezident yanvarın 22-də Dünya İqtisadi Forumu çərçivəsində “Strateji proqnoz: Avrasiya” sessiyasında iştirak edəcək.
Qeyd edək ki, dünya liderlərini bir araya gətirən mötəbər tədbir ərəfəsində Davos İqtisadi Forumunun rəsmi saytında Prezident İlham Əliyevin “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsi yerləşdirilib.
Məqalədə 2007-ci ildən başlayaraq artıq 14-cü dəfə Davos Forumunun illik toplantısında iştirak edəcəyini diqqətə çatdıran dövlət başçısı vurğulayıb ki, Dünya İqtisadi Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə imkan yaradır: “Bu, bizə islahatları davamlı şəkildə aparmağa, ölkəyə xarici investisiyaları cəlb etməyə imkan verir”.
Məqalədə qeyd olunur ki, son 10 ildə ölkəmiz iki dəfə “Doing Business 2009” və “Doing Business 2019” hesabatlarında dünyanın lider islahatçı ölkəsi olaraq tanınıb. Davos İqtisadi Forumunun açıqladığı “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyi 2006-2007-ci ildə 64-cü yerdə idisə, 2017-2018-ci ildə 137 ölkə arasında 35-ci yerə qədər yüksəlib, o cümlədən “Hökumətin dəyişməyə cavabdehliyi” üzrə 5-ci yerdə, “Hökumətin uzunmüddətli strategiyası” üzrə 10-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, iqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. İki il əvvəl, 2018-ci ildə Davosda mədəni əməkdaşlıq məsələlərinə də xüsusi diqqət ayrılmış, “Avropa üçün yüksək səviyyəli şəhərsalma mədəniyyətinə doğru” devizi altında Mədəniyyət Nazirləri Konfransı keçirilmişdi.
Davosda qeyri-rəsmi formada keçirilən dövlət və hökumət başçılarının, iri biznes nümayəndələrinin, ekspertlərin görüşləri bir sıra problemlərin həlli üzrə optimal variant tapmağa kömək edir. Azərbaycan artıq Davos Dünya İqtisadi Forumunun nüfuzlu üzvlərindən birinə çevrilib. Eyni zamanda, forum çərçivəsində Azərbaycanın dünyada təbliği baxımından əhəmiyyətli işlər görülür.
Davosda Dünya İqtisadi Forumunun illik toplantısı yanvarın 24-dək davam edəcək.