Xalq şairi, Azərbaycanın “Şöhrət” və Gürcüstanın “Şərəf” ordenləri laureatı Zəlimxan Yaqubun (1950-2016) anadan olduğu Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi rayonunun Kəpənəkçi kəndində Zəlimxan Yaqub adına Poeziya evi tikiləcək.
Kənd ağsaqqalı, Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov bildirib ki, Bolnisi rayon bələdiyyəsi Kəpənəkçi kənd əhalisinin müraciətinə müsbət cavab verib. Bələdiyyə Kəpənəkçi kəndində şairin adına Poeziya evinin tikintisi üçün torpaq sahəsi ayırıb. Onun sözlərinə görə, yaxın günlərdə mədəniyyət ocağının eskiz layihəsi təsdiq olunacaq və tikintiyə başlanılacaq.
Qeyd edək ki, yanvarın 23-də Zəlimxan Yaqubun doğma kəndində anadan olmasının 70 illiyi qeyd ediləcək.