Fevralın 2-də Beynəlxalq Muğam Mərkəzində Gənclər Günü münasibətilə tədbir keçirilib. 

Gənclər və İdman naziri Azad Rəhimov tədbirdə çıxış edərək ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən danışıb. Nazir bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı gənclərlə bağlı qəbul olunan üçüncü belə proqramdır. Dünyanın heç bir ölkəsində gənclərlə bağlı ardıcıl olaraq bu qədər proqram qəbul edilməyib.

Sonra öz fəaliyyətləri ilə 2019-cu ildə uğurlara imza atmış gənclərin mükafatlandırılması mərasimi olub. Memarlıq, təsviri sənət, musiqi, teatr, ictimai fəaliyyət, ədəbiyyat, elm sahəsində mükafatlar təqdim edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, İnsan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva, Prezident yanında Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BMT-nin Azərbaycan üzrə rezident-əlaqələndiricisi Qulam İsakzai, Gənclər Fondunun icraçı direktoru Fuad Cəfərov, UNİCEF-in Azərbaycan ofisinin rəhbəri Edvard Karvardini, Təhsil nazirinin müavini Firudin Qurbanov gəncləri təbrik edərək mükafatları qaliblərə təqdim ediblər.

Daha sonra ənənəvi olaraq  səsvermə yolu ilə seçilən ölkənin “Gənclər paytaxtı” elan edilib. Onlayn səsvermənin nəticələrinə əsasən, Masallı şəhəri 2020-ci ilin “Gənclər paytaxtı” elan edilib. Tədbir bədii hissə ilə davam edib.

L.AZƏRİ