Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Mədəniyyət Mərkəzində 2 fevral – Gənclər Günü və 2020-ci ilin “Könüllülər ili” elan olunması münasibətilə gənc mədəniyyət könüllülərinin regional konfransı keçirib.

Regional idarənin rəisi Əhməd Ramazanov konfransda çıxış edərək “Könüllülər ili” ilə əlaqədar həyata keçiriləcək tədbirlər barədə könüllülərə məlumat verib.

Vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin “Könüllülər ili” elan edilməsi dövlətimizin gənclərə dəstəyi, onların potensialının üzə çıxarılması yolunda növbəti məqsədyönlü addımdır.

Regional idarənin məsləhətçisi Telman Əzimov könüllülərin rayonun ictimai və mədəni həyatında rolu və vəzifələri, keçirilən tədbirlərin sosial şəbəkələrdə yayılması, elektron mediada mədəni irsin təbliği mövzusunda çıxış edib.

Mədəniyyət mərkəzinin A.İsgəndərov adına Xalq teatrının rejissoru Seyidməmməd Əliyev könüllülərin istedadlarının üzə çıxarılması və onların mədəniyyət sahəsinə marağının daha da artırılmasına dair fikirlərini bölüşüb, səhnə danışığı ilə bağlı gənclərə tövsiyələrini verib. Könüllülərin ifasında şeirlər səslənib.

Konfransdan sonra konsert proqramı təqdim olunub. Ü.Hacıbəyli adına Musiqi məktəbinin “Ana-Kür” instrumental ansamblının (bədii rəhbər Ə.Paşayev), Əhmədabad kənd Folklor evinin “Axısxa-halay” türk folklor rəqs kollektivinin, aşıq Əziz Habiloğlunun, V Muğam televiziya müsabiqəsinin laureatı Səməd Səmədovun, Sərxan Baxşıyev, Daşqın Mehdiyev, Ülkər Yaşarqızı və başqa ifaçıların çıxışı alqışlarla qarşılanıb.

***

Gənclər Günü və “Könüllülər ili” münasibətilə gənc mədəniyyət könüllülərinin daha bir regional konfransı Ağstafa şəhər Musiqi Mərkəzində keçirilib.

Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə gerçəkləşən konfransda əvvəlcə əlamətdar gün münasibətilə təşkil olunan kitab sərgisinə baxış keçirilib.

Regional idarənin rəisi Vüqar Qədirov mədəniyyət müəssisələrinin gənc fəallarını mədəni-kütləvi tədbirlərdə fəal iştiraka görə və Gənclər Günü münasibətilə fəxri fərmanla təltif edib.

Ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamla 2 fevralın Gənclər Günü kimi elan olunduğunu deyən idarə rəisi ölkəmizdə həyata keçirilən gənclər siyasətindən söz açıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bu istiqamətdə 2005-2009, 2011-2015, 2017-2021-ci illər üzrə dövlət proqramlarının qəbul olunduğu diqqətə çatdırılıb.

Tədbir regional idarəni əhatə edən Tovuz, Qazax və Ağstafa rayonlarının gənc mədəniyyət və incəsənət işçilərinin, musiqi məktəbləri şagirdlərinin hazırladığı konsert proqramı ilə davam edib.