Mixail Qusman: “Mən həmişə fəxr etmişəm ki, mən bakılıyam, mən azərbaycanlıyam”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Rusiya Federasiyasının TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana “Şərəf” ordenini təqdim edib.
Mixail Qusmanı salamlayan dövlət başçısı onu yanvarın 23-də qeyd etdiyi 70 illik yubileyi münasibətilə bir daha təbrik edib, xoş arzularını çatdırıb: “Təəssüf ki, siz yubileyinizi qeyd edəndə mən Bakıda deyildim, Davosda idim. Amma sizi telefon vasitəsilə təbrik etmək və öz hisslərimi bildirmək, eləcə də sizin Bakıda olduğunuz vaxt təltif edildiyiniz yüksək mükafatı sizə şəxsən təqdim etməyim üçün görüş haqqında razılaşmaq imkanım olub. Mən bilirəm ki, siz ad günlərinizi, xüsusilə yubileylərinizi həmişə vətəniniz Azərbaycanda qeyd edirsiniz. Bu, artıq xoş ənənədir. Bu, bir daha sizin öz Vətəninizə, doğma torpağınıza, doğma şəhərinizə bağlılığınızı göstərir. Biz sizin öz Vətəninizi necə sevdiyinizi və onu bütün dünyada necə təbliğ etdiyinizi bilirik... Bundan başqa, mən bilirəm ki, siz həm Rusiya, həm də beynəlxalq media məkanında bizim ölkəmiz haqqında təəssüratınızı bölüşürsünüz, Azərbaycan reallıqlarını, Azərbaycanda problemlərin necə həll olunduğunu danışırsınız. Sizin fəaliyyətiniz artıq çoxdan Rusiya Federasiyasının çərçivəsindən kənara çıxaraq beynəlxalq xarakter daşıyır. Mən bilirəm ki, siz həm də dünya mediasının əməkdaşlıq prosesinin çox fəal iştirakçısısınız. O cümlədən xatırlayıram ki, sizin təşəbbüsünüzlə Bakıda rus mətbuatının konqresi və digər beynəlxalq tədbirlər keçirilib”.
Prezident Mixail Qusmanın Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi işinə böyük töhfə verdiyini deyib: “Bu münasibətlər bu gün uğurla inkişaf edir, artıq ən yüksək səviyyəyə çatıb və yanvarda Bakıda keçirilən tədbirlər bunu bir daha nümayiş etdirdi. Bakıya Rusiya ictimaiyyətinin böyük nümayəndə heyəti, siyasi, informasiya, mədəni məkanın aparıcı təmsilçiləri gəlmişdilər. Mənə deyilənə görə, bütün qonaqlar buradan çox yaxşı təəssüratla gediblər. Buna görə də sizə Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi işinə töhfələr verdiyiniz üçün təşəkkürümü bildirmək istərdim. Əlbəttə, belə gündə həm də sələflərinizi xatırlamaq istərdim. Azərbaycanda sizin ailənizi, valideynlərinizi həmişə sevib və çox yüksək qiymətləndiriblər, onlara böyük hörmətlə yanaşıblar. Bu yaxınlarda siz mənə atanız və ananız haqqında kitab bağışlamışdınız. Mən onu böyük maraqla oxudum. Bu, həqiqətən də, nadir kitabdır. Belə ki, olduqca ürəkdən, səmimi və doğru yazılıb. Bu kitabda həm sizin ailənizin, uşaqlığınızın, həm də Azərbaycanın o dövrdəki tarixi əks olunub. Buna görə də kitab təkcə sizi tanıyanlar üçün deyil, həm də bizim şəhərimizin tarixi ilə maraqlanan hər kəs üçün çox maraqlıdır”.
Mixail Qusmanın fəaliyyətinin Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirildiyini deyən İlham Əliyev onun indiyə qədər “Şöhrət” və “Dostluq” ordenləri ilə təltif olunduğunu qeyd edib. Sonra Prezident “Şərəf” ordenini Mixail Qusmana təqdim edib.
Mixail Qusman yüksək mükafata və səmimi sözlərə görə dövlət başçısına minnətdarlığını bildirərək deyib: “Siz mənə çox yüksək qiymət verdiniz. Yəqin 70 yaş artıq elə bir yaşdır ki, qiymət almaq vaxtıdır və mən Sizin verdiyiniz bu qiymətə görə Sizə hədsiz minnətdaram.
Məni layiq gördüyünüz bu orden “Şərəf” adlanır. Yəqin ki, vətəndaş üçün, insan üçün onun şərəfindən daha mühüm heç nə yoxdur. Mən həmişə hesab etmişəm ki, nüfuz, şərəf mənim daim xatırlamalı, riayət etməli və qorumalı olduğum ən başlıca dəyərdir. İndicə barəsində çox səmimi sözlər söylədiyiniz valideynlərim məni məhz belə tərbiyə ediblər. Bu mükafatın məndən ötrü Vətənimə məhəbbətimin rəmzi olduğunu demək mənim üçün çox vacibdir. Mən nəinki heç vaxt gizlətməmişəm, həmişə fəxr etmişəm ki, mən bakılıyam, mən azərbaycanlıyam. Bəlkə də, əlbəttə, etnik cəhətdən deyil, lakin mən məhz azərbaycanlıyam. Bunlar mənim üçün sadəcə, sözlər deyil, hisslərim, düşüncələrimdir. Mən belə yaşamışam, belə yaşayıram və oğlumu da belə tərbiyə etmişəm. Doğma ölkəm Azərbaycanın bu gün yer üzündə ən qabaqcıl ölkələr sırasında olması mənim üçün çox vacibdir”.
Ötən ay keçirilən “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” tədbirlərinin əhəmiyyətini vurğulayan M.Qusman deyib: “Burada, həqiqətən də, Rusiyadan görkəmli insanlar oldular. Onların çoxu buraya ilk dəfə gəlmişdi. Onların bizim şəhərə necə heyranlıqla, necə geniş açılmış maraq dolu gözlərlə, necə səmimiyyətlə baxdıqlarını görmək mənim üçün böyük xoşbəxtlik idi... Bizim zəngin mətbəximiz, görkəmli memarlığımız, gözəl mədəniyyətimiz var. Onlar isə daha çox onu deyirdilər ki, Azərbaycanda ən əsas insanlardır. Siz böyük xalqın, dünyaya açıq olan xalqın, xeyirxah bir xalqın, qonaqpərvər bir xalqın, igid və öz liderinə inanan bir xalqın Prezidentisiniz. Mənə elə gəlir ki, xalqınızın belə olması Sizin xoşbəxtliyinizdir. Mən bu sözləri tam səmimiyyətlə söyləyirəm. Mən, sadəcə, Sizi əmin etmək istəyirəm ki, “Şərəf” ordeni qalan bütün ömrüm ərzində mənim ən mühüm, çox lazımlı və daimi motivim olacaq”.