Fevralın 6-da Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyu qəbul etdi. Görüşdə Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov da iştirak edirdi.
Qonaqları salamlayan nazir Azərbaycan ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafından məmnunluğunu ifadə etdi. Yanvar ayının sonunda paytaxtımızda keçirilən “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” adlı konfransın böyük rezonans doğurduğunu diqqətə çatdıran Əbülfəs Qarayev bu tədbirlə bağlı müsbət rəylərin səsləndiyini vurğuladı. Qeyd olundu ki, gələcəkdə bu istiqamətdə əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, birgə layihələrin reallaşdırılması böyük əhəmiyyət kəsb edir.
Ölkəmizin qədim və zəngin mədəniyyəti, irs nümunələri haqqında qonaqlara məlumat verən nazir eyni zamanda incəsənət sahəsində Rusiya ilə uğurlu əlaqələrdən söz açdı, Azərbaycanın müxtəlif ölkələrlə də faydalı əməkdaşlıq etdiyini diqqətə çatdırdı. Vurğulandı ki, son illərdə Rusiya ilə mədəni münasibətlər yüksələn xətlə inkişaf edir və hər iki ölkədə keçirilən tədbirlər bunun bariz nümunəsidir.
Əbülfəs Qarayev iki ölkə arasında mədəni əlaqələrin inkişafında Heydər Əliyev Fondunun dəstəyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələrin xüsusi əhəmiyyət kəsb etdiyini dedi və bu tədbirlərin hər zaman maraqla qarşılandığını vurğuladı.
Nazir söhbət əsnasında rusiyalı qonağı bu il Bakıda yeddinci dəfə keçiriləcək Beynəlxalq Humanitar Forumda iştirak etməyə dəvət etdi.
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy səmimi qəbula görə təşəkkürünü bildirdi. O, Azərbaycanın bu il Sankt-Peterburq şəhərində keçiriləcək IX Beynəlxalq Mədəniyyət Forumunda “fəxri qonaq ölkə” statusunda təmsil olunması ilə bağlı fikirlərini bölüşərək Azərbaycan nümayəndə heyətini bu mötəbər tədbirdə görməkdən məmnun olacağını diqqətə çatdırdı.
Daha sonra görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə davam etdi.
LALƏ