Azərbaycan İlahiyyat İnstitutunun bir qrup müəllim və tələbəsi Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzinə səfər ediblər. İnstitutun kollektivi qoruq ərazisində arxeoloji qazıntılar zamanı aşkar olunan eksponatlarla tanış olublar.
Məlumat verilib ki, hazırda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Qəbələ Dövlət Tarix-Bədii Qoruğu 1978-ci ildə yaradılıb. Qoruq tarix, mədəniyyət, memarlıq, etnoqrafik, arxeoloji abidələrin, eləcə də tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan xatirə yerlərinin və onların əşyalarının yerləşdiyi ərazini əhatə edir. 2005-ci ildən SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları, 2009-cu ildən isə Cənubi Koreyadan olan arxeoloqlar qoruq ərazisində qazıntılar aparır.
Qonaqlar daha sonra “Qafqaz Albaniyasının paytaxtı – Qəbələ” filminə baxıblar.