2020-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi tamam olur.
Prezident İlham Əliyev fevralın 10-da Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ötən müddət ərzində xalqımızın çoxəsrlik mədəniyyətinin və böyük ədəbi irsinin tədqiqi və təbliği istiqamətində səmərəli fəaliyyət göstərib, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib.
Muzeydə qorunub saxlanılan qiymətli eksponatlar və nümayiş etdirilən qədim əlyazmalar, böyük ədiblərin əsərlərinə miniatürlər, xalq yaradıcılığı və tətbiqi sənət nümunələri, görkəmli şəxsiyyətlərlə bağlı nadir sənədlər, habelə müxtəlif əsrlərə aid digər maddi mədəniyyət abidələri ziyarətçilərdə ədəbiyyatımızın bu günədək keçdiyi inkişaf yolu barədə dolğun təsəvvür formalaşdırır. Fondları daim orijinal materiallarla zənginləşə muzey bu gün respublikada mühüm elm və mədəniyyət mərkəzlərindən biri kimi tanınmaqla yanaşı, eyni zamanda geniş maarifçilik işi aparmaqdadır.
Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasına Mədəniyyət Nazirliyi ilə birlikdə muzeyin 80 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.