Mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 10-da Fransa, Əlcəzair və İordaniyanın Azərbaycandakı səfirləri ilə görüşüb.

Fransanın səfiri Zaxari Qross, Əlcəzair Xalq Demokratik Respublikasının səfiri xanım Səlimə Abdelhaq və İordaniya Haşimilər Krallığının səfiri Sami Abdullah Ğoşehi ilə görüşlərdə ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, həyata keçiriləcək layihələr haqqında müzakirələr aparılıb.

Nazir Əbülfəs Qarayev görüşlər zamanı qonaqları bu il Bakıda keçiriləcək VII Beynəlxalq Humanitar Forumda iştirak etməyə dəvət edib.

Nazir həmçinin iki ildən bir ölkəmizdə təşkil edilən Dünya Mədəniyyətlərarası Dialoq Forumundan söz açıb, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, “Bakı Prosesi” artıq qlobal əhəmiyyətli platforma kimi BMT tərəfindən yüksək qiymətləndirilir, Azərbaycanın bu istiqamətdə atdığı addımlar təqdir olunur.

Nazir “Bakı Prosesi” çərçivəsində keçiriləcək növbəti mötəbər tədbirdə də adıçəkilən ölkələrin yüksək səviyyəli nümayəndələrinin iştirakından məmnun olacağımızı diqqətə çatdırıb.

Görüşlərin sonunda hər üç ölkə ilə mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə fəaliyyət planının işlənib hazırlanması barədə razılığa gəlinib.

***

Mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 11-də İsrailin ölkəmizdəki səfiri Corc Dik və Tacikistanın səfiri Rustam Soliyev ilə görüşüb.

Görüşlərdə Azərbaycanın hər iki ölkə ilə mədəni əməkdaşlığına nəzər salınıb, mədəniyyətin müxtəlif sahələri üzrə mübadilənin daha da genişləndirilməsi, bu istiqamətdə fəaliyyət planlarının hazırlanması müzakirə olunub. Gələcəkdə əlaqələrin inkişafına töhfə verə biləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Əbülfəs Qarayev il ərzində Azərbaycanda keçiriləcək beynəlxalq mədəniyyət tədbirləri, o cümlədən VII Bakı Beynəlxalq Humanitar Forumu haqqında səfirlərə məlumat verib, hər iki ölkəni Forumda iştiraka dəvət edib.

İsrailin səfiri Corc Dik səmimi qəbula və Azərbaycan Mədəniyyət Nazirliyinin səfirlik tərəfindən həyata keçirilən layihələrə verdiyi dəstəyə görə nazirə təşəkkürünü bildirib. Diplomat mədəniyyət sahəsində birgə əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını deyib.

Tacikistan səfiri Rustam Soliyev də iki ölkə arasında mədəni əlaqələrdən söz açıb. Səfir həmçinin Novruzu bayramını qeyd edən ölkələrin Azərbaycandakı səfirliklərinin bu il bayramı birgə keçirmək təşəbbüsünü diqqətə çatdırıb və Mədəniyyət Nazirliyi tərəfindən bu təşəbbüsə dəstək göstərilməsini xahiş edib.