Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmiz İsrailin Təl-Əviv şəhərində keçirilən “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (İMTM 2020) sərgisində təmsil olunur.
Sərgi çərçivəsində ilk dəfə Quba rayonunda yaradılan Dağ Yəhudiləri Muzeyinin təqdimatı olub.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov bildirib ki, İsrail son illər turizm üzrə Azərbaycana maraq göstərən ölkələr arasında xüsusilə seçilir. O, İsrail bazarının Azərbaycan üçün vacibliyini qeyd edərək ötən illərlə müqayisədə turistlərin sayında artım olduğunu və bu marağı daha da artırmaq üçün yeni turizm məhsullarının hazırlandığını diqqətə çatdırıb.
2019-cu ildə Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı 47 min nəfər təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 66,8 faiz artım deməkdir. İsrailli turistlərin marağına səbəb olan əsas turizm növlərindən biri də sağlamlıq turizmidir və bu səbəbdən Qalaaltı, Duzdağ, Naftalan kimi sağlamlıq turizminin mövcud olduğu yerlər barəsində daha intensiv təbliğat tədbirləri görüləcək. Azərbaycan Turizm Bürosu tərəfindən Bakı, Quba, Oğuz, İsmayıllı və yəhudi irsinin mövcud olduğu digər bölgələri əhatə edən turizm marşrutu hazırlanır.
Quba rayonundakı Qırmızı Qəsəbədə yaradılan Dağ Yəhudiləri Muzeyinin icraçı direktoru İqor Şaulov bildirib ki, yaxın zamanlarda muzeyin rəsmi açılışı olacaq. Onun sözlərinə görə, Azərbaycan stendini ziyarət edənlər muzeyə və Azərbaycandakı yəhudi irsinə böyük maraq göstərirlər: “Burada vətənimiz Azərbaycanı təmsil etməklə Azərbaycan və İsrail xalqları arasında mövcud dostluq münasibətlərinə töhfə verməkdən çox məmnunuq”.
Fevralın 12-dək davam edəcək sərgi çərçivəsində yerli və beynəlxalq turizm şirkətləri ilə, həmçinin İsrail turizm agentlikləri ilə işgüzar görüşlər keçirilir, əməkdaşlıq imkanları qiymətləndirilir.