Fevralın 8-də Fikrət Əmirov adına 6 saylı İncəsənət məktəbində Xalq artisti Ağaxan Abdullayevin 70 illiyinə həsr edilən “Neylərəm” adlı xatirə gecəsi keçirildi.
Tədbir məktəbin “Odlar yurdu” rəqs ansamblının çıxışı ilə başladı.
Məktəbin direktoru – Əməkdar müəllim, professor Adilə Yusifova çıxış edərək ustad xanəndənin sənət yolu və pedaqoji fəaliyyətindən söz açdı. Bildirdi ki, Ağaxan Abdullayevin 70 illiyinin məktəbimizdə qeyd edilməsi təsadüfi deyil. Çünki o, neçə il əvvəl bizim məktəbdə dərs deyib, gənc muğamsevərlərə sənətin məna çalarlarını və elmi əsaslarını öyrədib. Onlarda muğam sənətinə həvəs və maraq oyadıb.
Məktəbin müəllimi Aytən Manafova çıxış edərək sənətkarın həyat və fəaliyyətindən danışdı. Qeyd etdi ki, Ağaxan Abdullayev Azərbaycan muğamlarını həm ölkəmizdə, həm də xaricdə layiqincə təbliğ edib, Heydər Əliyev Fondu tərəfindən muğamla bağlı həyata keçirilən layihələrdə yaxından iştirak edib. Sənətkarın fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, dövlət təltifləri ilə yanaşı, müxtəlif mükafatlara, həmçinin Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatına layiq görülüb.
Xalq artisti Sərdar Fərəcov görkəmli sənətkarla bağlı xatirələrini bölüşdü. Bildirdi ki, şaqraq və məlahətli səsə malik Ağaxan Abdullayev sələflərinin yaradıcılıq ənənələrini layiqincə yaşadıb. Özünəməxsus ifa tərzi ilə seçilən sənətkar Azərbaycan xalqının çoxəsrlik musiqi mədəniyyəti xəzinəsinə töhfələr verib. Onun xatirəsi muğamsevərlərin qəlbində daim yaşayacaq.
Tədbirdə daha sonra Xalq artisti Vamiq Məmmədəliyev, Əməkdar artist Mirnazim Əsədullayev, məktəbin xalq çalğı alətləri şöbəsinin rəhbəri Kamal Məmmədov çıxış edərək Ağaxan Abdullayev haqqında xatirələrini danışdılar. Qeyd etdilər ki, onun sənət fəaliyyəti yeni ifaçılar nəslinin formalaşdırılması üçün bir məktəbdir.
Çıxışlardan sonra xalq artistləri Zabit Nəbizadə, Teyyub Aslanov və gənc müğənni Nisbət Sədrayevanın ifasında musiqi nömrələri təqdim edildi. Çıxışlararası sənətkarla bağlı videoçarx nümayiş olundu.
Savalan FƏRƏCOV