UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiyasının (2005) Hökumətlərarası Komitəsinin Parisdə keçirilən sessiyası fevralın 14-də başa çatır.
Fevralın 11-də UNESCO-nun qərargahında başlayan sessiyada Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov iştirak edir.
Sessiyada mədəni özünüifadə müxtəlifliyi haqqında 2005-ci il Konvensiyasına uyğun olaraq yaradılan Beynəlxalq Mədəni Müxtəliflik Fondu, maliyyələşdirmə üçün 10-cu çağırışdan tövsiyə olunan layihələr, 2020-2021-ci illər üçün ilkin büdcə və s. məsələlər müzakirə olunub. Azərbaycan nümayəndə heyəti müzakirələrdə iştirak edib və fikirlərini bildirib.
Sessiya çərçivəsində Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva İsveçin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri Anna Brandt ilə görüşüb. Görüşdə İsveç Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyinin (AİDS) maliyyə dəstəyi ilə UNESCO katibliyinin həyata keçirdiyi xüsusi SİDA proqramı çərçivəsində əməkdaşlıq müzakirə edilib.
UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimovun da iştirak etdiyi görüşdə Beynəlxalq Mədəni Müxtəliflik Fondu çərçivəsində ölkəmiz tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Beynəlxalq Mədəni Müxtəliflik Fondu inkişaf etməkdə olan ölkələrdə dinamik mədəni sektorun inkişafına təkan verərək, mədəni özünüifadə müxtəlifliyinin qorunması siyasətinə xidmət edən layihələri maliyyələşdirir.
Xatırladaq ki, Azərbaycan UNESCO-nun sözügedən konvensiyasına 2010-cu ildə qoşulub.
Sessiyada çıxış edən Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycanın bu konvensiyanın prinsiplərinə sadiq olduğu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanda müxtəlif etnik və dini icmalar yaşayır. Bu mədəni zənginliyə əsaslanaraq ölkəmizdə icmalar arasında inklüzivliyin təşviq edilməsinə, yaradıcılıq sahələrinin inkişafına, eləcə də müxtəlif səviyyələrdə müasir mədəni özünüifadə dəyərləri haqqında məlumatlılığın artırılmasına xüsusi diqqət ayrılır. Nazir müavini Azərbaycanın multikulturalizm nümunəsi olduğunu vurğulayaraq deyib ki, ölkəmiz davamlı inkişafın təmin edilməsində mədəniyyətin əsas amillərdən biri kimi tanıdılmasının tərəfdarıdır.